Mən nə bilim ki, onlar nə işlərlə məşğul olur? — “Azərbaycan” Nəşriyyatının Baş direktorundan AÇIQLAMA
28-12-2017, 17:11
“Nəşriyyatın binasında yüzlərlə qəzet fəaliyyət göstərir. Mən nə bilim ki, onlar nə işlərlə məşğul olur? Məgər onların nə işlə məşğul olmasına mən cavabdeh olmalıyam?”. Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında “Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsində “Gündəlik Bakı” qəzətinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə başladılan məhkəmə prosesinə münasibət bildirərkən deyib.
A.Əsgərov bildirib ki, hər bir redaksiyanın rəhbəri işçisinə özü nəzarət etməlidir:
“Redaksiyaların baş redaktorları, redaktorları var. İşçilərinə də onlar nəzarət etməlidir. Kimin adı Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşübsə, onlar dərhal “Azərbaycan” nəşriyyatının binasından çıxarılıb. İndi də hansı mətbu orqanın adı “qara siyahı”ya düşürsə, dərhal onu binadan çıxarıram. Ona görə də reketçiliklə məşğul olmuş KİV-lərin əməllərinə görə mən cavabdeh deyiləm”. Baş direktor qeyd edib ki, hazırda “Azərbaycan” nəşriyyatının binasında 200-ə qədər qəzet və jurnal redaksiyası yerləşir:
“İndi onların əməkdaşları gedib haradasa reketçiliklə məşğul olursa, buna mən nə üçün cavabdeh olmalıyam? Buna həmin redaksiyaların rəhbərləri cavabdeh olmalıdır və bütün məsuliyyəti də onlar daşıyır”.