Azərbaycan-İran və Rusiya “oxu”nda İlham Əliyev faktoru - ilginc etiraf

29-12-2017, 12:22           
Azərbaycan-İran və Rusiya “oxu”nda İlham Əliyev faktoru - ilginc etiraf
“Avrasiyaçılıq nəzəriyyəsinin banisinin dilindən Azərbaycanın üç imperiya varisinin əhatəsində yürütdüyü xarici siyasətə yüksək qiymət verilməsi ilə, işğal olunmuş torpaqların gələcəyi ətrafında qurulan təhlil paradiqmalarının sinxronlaşdırılması təkcə regionumuzda deyil, daha böyük siyasi dairələrdə güclü reaksiyalar doğurur”. Deputat Zahid Oruc bu fikirləri Kremlin ideoloqlarından biri kimi tanınan Aleksandr Duqinin son açıqlamalarını “Yeni Müsavat”a şərh edərkən bildirdi.

Qeyd edək ki, Duqin “Report”a müsahibəsində Dağlıq Qarabağ ətrafındakı bəzi ərazilərin qaytarılması zərurətindən danışmaqla yanaşı, Bakının regiondakı roluna da yüksək qiymət verib. “Bütün hallarda Bakı Moskva-Ankara-Tehran üçbucağı üçün strateji qapıdır. Bu ittifaqda Azərbaycan əsas konstruksiyaya çevrilməkdədir. Bu gün geosiyasi stavkalar olduqca böyükdür. Odur ki, hamımız ardıcıl hərəkət eləməliyik”, - Duqin Azərbaycanın rolundan danışarkən deyib.

Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu il Respublika günündə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubunda da “Sizin ölkəniz dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır” qeydini etməklə ölkəmizin regional roluna ciddi önəm verdiyini vurğulamışdı. İndi Putinin “danışan dili”nin eyni mövqedən çıxış etməsi, Bakı-Tehran-Moskva formatının formalaşmasında Azərbaycanın roluna önəm verməsi maraqlı haldır.

Rus politoloqun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev özünü dünyada baş verən bütün dəyişikliklər üzrə fəal mövqe tutmağa çalışan diqqətli siyasi lider kimi göstərir: “O, 2017-ci ildə siyasətin obyekti yox, subyekti olduğunu sübut etdi. O cümlədən o, Rusiya ilə İran və Türkiyə arasında yaxınlaşmada böyük rol oynayıb. Yeni bir strateji oxun yaradılmasında da o, əhəmiyyətli rol oynamağa başlayıb”.

Rus ekspertin fikirlərini şərh edən Z.Oruca görə, Duqin Türkiyənin və İranın Rusiya siyasətilə əlaqələndirilməsində ölkəmizin roluna toxunarkən son dərəcə fundamental bir problemi tarixin dərinliyindən günümüzə qaytarıb: “Son 200 ildə Azərbaycan sözügedən üçbucaqda hər zaman nəinki coğrafi və siyasi bölünmələrə uğrayıb, eləcə də taleyi yad əllərə verilərkən yerləşdiyi məkan müxtəlif konfrontasiyaların, hərbi savaşların meydanına çevrilib. Müstəqil bir dövlət kimi, Duqinin sözləri ilə desək, regional sülhün və təhlükəsizliyin təminatında aktiv rol alan bir subyektin hazırki siyasəti heç şübhəsiz prezident İlham Əliyevin məharətli lider olaraq son yüz ildə Rusiya ilə ən düzgün münasibətlər doktrini tapması hesabına mümkün olub. Hər halda, aqibəti son dərəcə amansız qətllə bitən Nərimanovdan tutmuş, Bağırova qədər və ondan sonrakı rəhbərlərin Moskva ilə uzlaşma müstəvisi taparaq, təmsil elədikləri müttəfiq respublikanı daha üstün xarici siyasət faktoruna çevirmək missiyaları uğurla nəticlənməmişdi”.

Deputat Duqinin Qarabağla bağlı dediklərinə də önəm verməyi zəruri sayır: “Duqin inersiya ilə birinci Qarabağ müharibəsinin nəticələrini qorumağa çalışanların qafasını qarışdırır. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri medianın əli ilə onu, Proxanov, Markov və digər məharətli politoloqları nişangaha alaraq hər cür ləkələmə kampaniyasına əl atırlar, rəsmi Bakının lobbinq işini yüksək səviyyədə qurması işini etiraf etməyə məcbur olurlar. Müqayisə üçün xatırlayaq ki, tarixi 90-cı illərdə ölkəmizin Kreml və yaxın siyasi mərkəzlərdə məhz belə ideya-siyasi tərəfdarları olmadığından haqlı işimizdə ən ağlagəlməz ittihamlarla üz-üzə qalmışdıq. İndi isə Rusiyanın ekspert cameəsi içərisində yüksək kalibrli politoloqlar-fikir nəhəngləri Ermənistanın regional roluna son dərəcə dəqiq və praqmatik qiymət verirlər”.

Z.Oruc Duqinin digər fikirlərinə də diqqət çəkməyi vacib saydı: “Duqin Ermənistanın 5 rayonu qaytarması zərurətindən danışarkən qətiyyən torpaqların digər hissəsini kapitulyasiya etməyə çağırmır, əraziləri parçalayaraq, yeni erməni dövləti planını Qafqazın xəritəsinə oturtmağa cəhd etmir və Kremlin çevrəsində İrəvandan yemlənən siyasi texnoloqlara bununla da yaxşı ideoloji müqavimət göstərməyi bacarır. Əslində Qarabağın dövlətləşməsi proyekti Rusiyanı parçalamaq planının tərkib hissəsidir. Etnik-milli rəngarəngliyə malik olan bir dövlətdə separatizm ocaqlarını yaratmaq istəyənlər SSRİ-nin çöküşündən sonra son dərəcə məkrli bir şəkildə məhz həmin kartdan istifadə edərək Şimali Qafqaz xalqlarını ayağa qaldırmışdılar. İndi prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin roluna və liderlik missiyasına verdiyi müsbət qiymətin də münaqişələri durdurmaqla bağlı əsaslara söykəndiyini hər kəs bilməlidir. Duqin strateq kimi yaxşı anlayır ki, Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını bərpa etməsi nəinki Moskvanı regiondan çıxarmaq təhlükəsini doğurmur, əksinə, Qərbin bölgədəki iqtisadi-siyasi təşəbbüslərinin nəticə etibarilə gəlib hərbi iştirak səviyyəsinə çatmasının qarşısını alır”.

Zahid Oruc onu da dedi ki, Duqin kimi Rusiya siyasətində ağır çəkili geopolitikin son illər ərzində Qarabağın bir hissəsinin azad olunması zərurətini geniş informasiya məkanında gündəmdə saxlaması nəticəsindən asılı olmayaraq, mühüm hadisədir.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.