İlham Əliyev: İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan yeni həyat qurur

1-01-2018, 02:07           
İlham Əliyev: İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan yeni həyat qurur
Ermənistanın qeyd-şərtsiz danışıqlara qoşulması önəmli məsələlərdən biridir.

“Report”-un məlumatına görə, bu barədə Azərbaycan Prezindenti İlham Əliyev Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində deyib.

“Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindı bu il nəticələrin olmadığını deyən ölkə başçısının sözlərinə görə, 2017-ci ildə Azərbaycanın mövqeləri daha da möhkəmləndi.

“Separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilibdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır.

İ. Əliyev bildirib ki, 2016-cı il aprel qələbəsindən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır, gələcəkdə Azərbaycan bayrağı işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq. Onun sözlərinə görə, bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir.

Uzun fasilədən sonra bu il Cocuq Mərcanlı kəndinə həyatın qayıtdığını deyən İlham Əliyevin sözlərinə görə, kəndin inkişafı ölkənin əyilməz ruhumuzun rəmzidir.

“Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib.”

İlham Əliyev bu il məcburi köçkünlərin problemlərinin həlli işində çox önəmli və tarixi hadisə baş verdiyini söyləyib.

“Vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərcik açılmışdır. Bu önəmli hadisə bir tərəfdən onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən, onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları salınır və minlərlə köçkün bu torpaqlara qayıdır.”

Ölkənin hərbi potensialının diqqət mərkəzində olduğunu deyən ölkə başçısı ordunun tam təhciz olunduğunu vurğulayıb.

“Bu gün bütün beynəlxalq reytinqlər göstərir ki, Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bunu bilir və bilməlidir. Bundan sonra da ordu quruculuğu üçün bütün lazımi tədbirlər görüləcək, yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və alınacaqdır.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.