Rusiyanın silah bazarı bağlana bilər - Azərbaycan nə etməli?
11-01-2018, 11:06
Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya yarımməxfi səfərinin ardından 2018-ci ildə Azərbaycanla Rusiya arasında silah ticarətinin davam edəcəyinin anonslarının verilməsi bir sıra müzakirələrə səbəb olub. Buna səbəb də gələn aydan ABŞ-ın tətbiq edəcəyi yeni və daha geniş sanksiyalar paketinin təsiri altına Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin də düşməsi ehtimallarıdır.
Əgər bu ehtimallar gerçəkləşərsə, heç şübhəsiz ki, rəsmi Bakı üçün ciddi risklər yaranar ki, bunu Azərbaycan tərəfi bilməmiş deyil.
Amma bununla belə, ABŞ-ın Xarici Siyasət Şurasının tanınmış analitiki Stiven Blankın günlər öncə verdiyi açıqlamalar Azərbaycanda da ciddi narahatlıq yaradıb. O deyib ki, ABŞ-ın Rusiyanın hərbi-sənaye müəssisələrinə qarşı yeni sanksiyaları üçüncü ölkələri Rusiya silahları almaqdan çəkindirə bilər. O, hətta Rusiya silahlarını alan iri alıcı dövlətlərin hökumətlərinə də bu sanksiyaların tətbiq edilə biləcəyini dilə gətirib.
Analitik Şuranın eksperti, sabiq səfir Con Herbst öz növbəsində hesab edir ki, Rusiya silahlarının alıcılarına qarşı sanksiyalar ehtimalı yüksək olmasa da, onlar bir şeyi nəzərə almalıdırlar.
Bundan əlavə, Azərbaycanı yaxından maraqlandıran daha bir məsələ var. Belə ki, ABŞ-dan Gürcüstana xüsusi qrupun gələcəyi anons edilib. İnformasiyanı “Kviris Palitra” qəzeti yayıb. Məlumatda qrupun Gürcüstanın təhlükəsizliyinin vəziyyətini və bunun gücləndirilmə ehtimallarını öyrənəcəyi bildirilib. Bununla yanaşı, xüsusi qrupun tək Gürcüstanın deyil, bütün regionun təhlükəsizliyinin tədqiqi üçün gələcəyi də deyilir.
Söhbət, şübhəsiz, həm də regionun aparıcı dövləti kimi Azərbaycanın və strateji əhəmiyyətli neft-qaz xətlərinin təhlükəsizliyindən gedir.
Ekspertlərin məsələ ilə bağlı mövqeləri ən müxtəlifdir.
Politoloq Elçin Mirzəbəyli Rusiyaya qarşı bu sanksiyaların tətbiq ediləcəyinə inanmır: “Rusiyaya qarşı qəbul olunacağı gözlənilən yeni sanksiyalar paketinə hərbi-sənaye kompleksindən daha çox Putinin yaxın ətrafında olan şəxslərin, o cümlədən iş adamlarının daxil ediləcəyi gözlənilir. Rusiyanın müdafiə sənayesi kompleksinə aid olan müəssisələrə kompleks şəkildə sanksiyaların tətbiq olunacağı bir o qədər də inandırıcı deyil. Ola bilsin ki, sanksiyalarda raket və hava hücumundan müdafiə sistemləri üçün avadanlıq istehsal edən hansısa müəssisələrin, törəmə qurumların adları bu siyahıda yer alsın. Lakin bunun Azərbaycanla Rusiyanın hərbi əməkdaşlığına hər hansı bir problem yaradacağını gözləmirəm. Doğrudur, Rusiya dünya silah bazarında ABŞ-dan sonra ikinci yeri tutur və bu sektorun təxminən 25 faizinə nəzarət edir. 2017-ci ildə Rusiyanın müdafiə sənayesi kompleksi 15 milyard dollara yaxın gəlir əldə edib. ABŞ isə bu sahədən 41 milyard dollara yaxın vəsait qazanıb. 2018-ci ilin proqnozlarına görə, ABŞ bu il silah satışından 2017-ci illə müqayisədə 25% çox qazanc əldə edəcək. Onu da qeyd edim ki, Rusiyanın illik ixracının cəmi 4,2 faizi müdafiə sənayesinin payına düşür. İxracın demək olar ki, qalan hissəsi xammaldır. Rusiyanın istehsal etdiyi məhsullar MDB məkanından başqa heç bir yerdə alınmır. Yəni bu ölkənin istehsal sahəsində ciddi ixrac potensialı yoxdur. ABŞ isə çox güman ki, Rusiyanın daha çox gəlir əldə etdiyi sahələrə diqqət ayıracaq. Rusiyanın ixrac siyahısında ilk yerdə enerji sektoru (66,6%), növbəti sıralarda isə metal və metal məhsulları (9,9%), kimya sənayesi (5,7%), meşə materialları və kağız (4,2%) və s. gəlir. Göründüyü kimi Rusiyanın silah ixracından əldə etdiyi gəlir meşə məhsullarından əldə etdiyi gəlirlə eynidir. Bu baxımdan, hesab edirəm ki, qəbul olunması nəzərdə tutulan sanksiyalarda enerji sektoru, metal və metal məhsulları, eləcə də kimya sənayesi ilə bağlı müəssisələr ön sırada olacaq. Ermənistanın ciddi təhlükələrlə üz-üzə qalacağı şübhəsizdir. Çünki Ermənistan bütün sahələrdə Rusiyadan asılıdır və bu ölkənin iqtisadiyyatının geriləməsi Ermənistana daha çox təsir göstərəcək. Lakin hərbi sahədə Rusiyanın guya kreditlə ayırdığı silahlara görə Ermənistana təzyiq olunacağını gözləmirəm. Qərbin bu sahədəki siyasəti ikiüzlüdür. Stiven Blankın fikirləri maraqlıdır. Lakin bunun əməldə ortaya çıxacağını gözləmirəm.
Rus silahlarının Cənubi Qafqaza girişini dayandırmaq üçün ilk növbədə Ermənistandan başlamaq lazımdır. Çünki Rusiya-Ermənistan hərbi əməkdaşlığı işğala, regiondakı münaqişələrdə mövcud olan status-kvonun qorunmasına xidmət edir. Azərbaycanın arsenalında Rusiya silahları var, amma ölkəmizin hərbi əməkdaşlığı təkcə Rusiya ilə məhdudlaşmır. Azərbaycan dünyanın bir çox ölkələri ilə hərbi sahədə əməkdaşlıq edir. Həmçinin özünün müdafiə sənayesini inkişaf etdirir. Regiona rus silahının daxil olmasının qarşısını almaq üçün ilk növbədə mövcud təhlükələri aradan qaldırmaq lazımdır. Münaqişələr həll olunarsa, silahlanmaya da ciddi ehtiyac qalmayacaq. Amma ABŞ-ın Yaxın Şərqdə və Asiya regionunda körüklədiyi münaqişələr dövlətləri öz təhlükəsizliklərini daha ciddi şəkildə təmin etmək barədə düşünməyə vadar edir. Bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərik. Düşünürəm ki, regionda ən böyük təhlükə mənbəyi Ermənistan və erməni separatizmi-terrorizmidir. Gürcüstanın Cavaxetiya bölgəsində ASALA terror təşkilatının fəaliyyətə başladığı barədə məlumatlar da yayılan xəbərlər sırasındadır. Düşünürəm ki, bu çağırışların qarşısının alınması üçün ilk növbədə region dövlətləri əməkdaşlıq etməlidirlər və edirlər də. Azərbaycan, Türkiyə və Gürcüstanın bu sahədə birgə əməkdaşlıq təcrübəsi var və bu təcrübənin daha da inkişaf etdirilməsi ehtimal olunan təhdidlərin də qarşısını ala bilər”.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bunları düşünür: “Rusiyadan silah alan ölkələrə sanksiyalar tətbiq ediləcəksə, bu, Azərbaycan üçün göydən düşmə olar. Azərbaycan nəhayət ki, Rusiyanın geridə qalan, köhnə silahlarını almaq məcburiyyətindən azad olacaq. Belə vəziyyət Ermənistana ziyandır. Kimdir ermənilərə ruslar kimi havayı və ya yarıqiymətə silah satan? Azərbaycan isə daha müasir silahları başqa ölkələrdən də ala bilər. TANAP-ın təhlükəsizliyinə gəldikdə isə Azərbaycan bu qaz kəmərinə nəzarəti Türkiyə ilə birlikdə etməlidir. TANAP Azərbaycanla Türkiyənin birgə layihəsidir, birgə də qorunmalıdır”.
“Yeni Müsavat”