"Facebook"u alt-üst edən status: azərbaycanlı gənc anasını niyə fahişə adlandırdı? - TƏFƏRRÜAT/VİDEO
11-01-2018, 20:16
Oğul anasına fahişə deyərmi? Yəqin ki, reportaja bu sualla başlamağımız sizi də təəccübləndirdi. Heyrətlənməyin, sən demə, deyərmiş...
İndi sizə təqdim edəcəyimiz süjetin qəhrəmanı - əgər ona doğrudan da qəhrəman demək mümkündürsə - Yusif Nuriyev "Facebook" sosial şəbəkəsindəki səhifəsində belə bir status paylaşıb. Bizim diqqətimizi də elə bu çəkdi. Həm də o səbəbdən ki, son illər Azərbaycanda bu cür problemli ailələrin sayı heyrətamiz dərəcədə artıb.
Qərar verdik ki, Yusifi studiyamıza dəvət edib doğma anası haqqındakı nalayiq ifadələri hansı səbəbdən yazması ilə maraqlanaq. Dəvətimizi qəbul edib gəldi.
Öyrəndik ki, Yusif əslən Bakıdandır. 30 yaşı var, ailənin tək övladıdır. Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunudur. İki ildir ailə qurub. Atası Yusifin bir yaşı olanda ailəni tərk edib, daha sonra övladından imtina edib. Yusifi doğma anası Məryəm xanım nənəsi və ruhi xəstəlikdən əziyyət çəkən dayısı ilə bir evdə böyüdüb: "Bizim ailəmizdə mən gözümü açandan problemlər olub. Sadəcə, mən 25 yaşıma çatdıqdan sonra ailəmdən ayrılıb, öz həyatım haqqında düşünməyə başlamışam. Söhbət himayəsində böyüdüyüm nənəmdən və dayımdan gedir. Hər gün qalmaqallı həyat yaşamışam. Universiteti bitirdikdən sonra evdən ayrılmaq qərarına gəlmişəm".
Yusif Nuriyev iddia edir ki, vaxtilə anası ilə birgə yaşadığı baba evindən onları nənəsi zorla çıxarıb və küçəyə atıb. Anasının və özünün sözügedən baba mülkündə daimi qeydiyyatı olduğundan, nənəsi öz istəyinə nail olmayıb. Bu problem ədalətli həllini tapdıqdan sonra Yusif həyatının başqa bir sürprizi ilə qarşılaşıb. Doğma anası onu öz pulu ilə aldığı evdən bayıra atıb. Həmsöhbətimiz deyir ki, Nəsimi rayonu, 4-cü mikrorayon, Seyid Hüseyn küçəsi, bina 5, mənzil 33-də anasının ucbatından həyat yoldaşı ilə rahat yaşaya bilmir: "2016-cı ildə nikaha girmişəm. Bu ərəfədə ailəm mənə inadla dedi ki, əlindəki pulla ev al, lazım olsa, satarsan və s. Mən də Azərbaycandan kənarda yaşamaq və təhsil almaq istəmişəm. Onun üçün işləyib illərlə qazandığım pulu yığmışdım. Bir səhv edib anamın təkidi ilə ev alıb, onun adına qeydiyyata keçirdim. Güvəndim ki, əgər mən xaricə gedə bilsəm, mənim təhsilim üçün lazım olan pulu o evi satıb mənə göndərəcək. Artıq bir neçə vaxtdır anamla münasibətim pozulub. O, mənimlə həyat yoldaşımın o evdə yaşamağına imkan vermir, qalmaqal salır".
Yusif deyir ki, anasından polisə şikayət etsə də, nəticəsi olmayıb: "Ev onun adına qeydiyyatdadır. Mən və yoldaşım işdə olanda evin açarı onda olduğundan, rahatlıqla bizə gəlir. Mən işdən axşam saat 9.00-dan sonra gəlirəm, çünki 12 saatlıq qrafiklə çalışıram. Yorğun evimə gəlirəm ki, yenə qalmaqaldır, yoldaşımı və məni təhqir edir. Evimdən çıxmağını tələb edirəm, çıxmır. Deyir, mənim adıma qeydiyyatdadır, çıxmıram. Sonra polisə müraciət etdim ki, gecə saatlarında dincəlməyə imkan vermir bizə, polislər gəlib "ana müqəddəsdir" deyib çıxıb getdilər. Anam mənə hücum etdi, əlimi cızdı, vurdu və s. Artıq əlbəyaxa olmuşduq, qayınatam gəlmişdi ki, qızını aparsın. Ona görə məni də öz evlərinə apardı. Baxmayaraq ki, özləri də kifayət qədər böyük ailədir, mən 3 gündür qayınatamgildə yaşayıram".
Yusif Nuriyev deyir ki, sevdiyi qızla ailə qurub. Ailələrin ümumi razılığı ilə hər şey el qaydasında baş tutub. Anası da bu izdivaca razı olduğundan, o, 28 yaşında istəyini gerçəkləşdirib. Amma anası ilə münasibətləri ailə qurmamışdan əvvəl korlanıb. Evdən qovulduqdan sonra isə Yusifin səbir kasası daşıb və anasının ünvanına sosial şəbəkələrdə nalayiq ifadələr işlədib: "Mən pul yığdım ki, yeni həyata başlayım. Yeni həyata başlayanda da başıma bu gəldi. İndi evi geri istəyirəm, anam geri qaytarmır. Artıq bu biabırçılıqla yaşamaq istəmirəm, evimi satıb getmək istəyirəm, o da buna imkan vermir".
Onun sözlərinə görə, anası Məryəm xanım doğma oğlunun və gəlininin mənzilə qeydiyyata düşməsinə şərait yaratmır. Bunun üçün müsahibimiz məhkəməyə müraciət etməyə hazırlaşsa da, məsləhətləşdiyi vəkillər məsələnin onun xeyrinə həll edilməyəcəyini deyiblər.
Yusifi dinlədikdən sonra anası Məryəm xanımla görüşmək üçün üz tutduq onların mənzilinə. Qapısını döydük, açan olmadı. Qonşular şifahi olaraq bildirdilər ki, Yusif və həyat yoldaşı təxminən 1 ildir sözügedən mənzildə yaşayır, anası isə ora az-az gəlir.
Məryəm xanımla telefon əlaqəsi saxlayıb onunla görüşmək istədiyimizi bildirdik. Təxminən bir saat bizi gözlətdikdən sonra 63 yaşlı xanım gəldi, amma kamera önündə danışmayacağını bəyan etdi. Məcbur olub kənardan çəkiliş apardıq.
Təqaüdçü ana Yusifi tək, halal zəhmətlə böyütdüyünü bildirdi. Yusifin ona qarşı münasibətinin evləndikdən sonra dəyişdiyini deyən Məryəm xanımın sözlərinə görə, oğlu ilə birlikdə uzun müddət heç vaxt yaşamayıb. Sadəcə, xəstə olduğu üçün oğlu və gəlinindən ona baxmağı xahiş edib: "Mən ata mülkümlə bağlı etibarnaməni oğluma həvalə etməmişəm. Onun bu mənzili ilə heç bir işim yoxdur, qələt eləyir. Kim dedi mən qeydiyyatdan çıxmıram? Gəlsin, nə vaxt istəyir, öz evinə qeydiyyata düşsün də. Mən etibarnamə və vəsiyyətnaməni ləğv etdirmişəm, o da bu mülklə bağlı deyil qızım. Mən öz ata mülkümü məcburi köçkünlərə və evi olmayanlara verə bilərəm, amma öz oğluma yox. O, mənim ata mülkümdən gəlib qeydiyyatdan çıxsın, mənə aid olan nə varsa o evdə, qaytarsın, gəlsin öz evinə. Mən bir söz demirəm".
Anası deyir ki, gənc oğlu ev almaq arzusunda olduğunu ilk dəfə onunla bölüşüb, o da bu mülkün alınması üçün Yusifə 11 min dollar pul verib: "Bu mənzilin 11 min dollarını ona əlimlə sayıb vermişəm. O da üstünü düzəldib. Verdiyim pul onun haram xoşu olsun. Mən seyid nəvəsiyəm. Onsuz da o ziyan çəkəcək. Mən onu əziyyətlə böyütmüşəm. "Qlavbux" işləmişəm, səhərdən axşamacan çalışmışam. Boynumu qucaqlayıb öpürdü, nə oldu?"
Bir sözlə, ana oğuldan, oğul da anadan saatlarla şikayət etdi. Tərəfləri bir araya gətirmək isə mümkün olmadı. Bizə də, tamaşaçılara da tərəflərin nə vaxtsa bir-birini anlayacağına və anlaşacağına ümid etmək qalır. Bütün körpülərin yanmasına baxmayaraq..
[media=https://www.youtube.com/watch?v=lJ-AjOOFM04]