Türk nazirləri Bakıya gətirən üç mühüm – Səbəb

27-02-2018, 09:30           

Son ayların hadisələri göstərir ki, regionda bilavasitə Türkiyə və Azərbaycanın birgə müzakirə edəcəyi bir çox məsələ var.

Bu sözləri Axar.az-a Türkiyənin Baş naziri Binəli Yıldırım və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, münasibətlərin təkcə rəsmi deyil, qeyri-rəsmi səviyyədə müzakirəsi tərəflərə cari siyasətdə addımların atılmasına imkan verir:

“Türk nazirlərin Bakıya səfəri bu aspektdən xüsusi önəm kəsb edir. Səfər Azərbaycanla yanaşı, Rusiya və Ermənistanda da keçiriləcək seçkilər ərəfəsinə təsadüf edir. Təbii ki, seçkilər müxtəlif aspektlərdən ölkələrin regional xarici siyasətinə təsir edir. Bütün hallarda siyasi proseslər də məhz hazırda bunun ətrafında cərəyan edir. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi bu və ya digər şəkildə seçkilərdən asılıdır. Çünki nəticələr istənilən halda problemin tənzimlənməsinə öz təsirini göstərəcək”.

Politoloqun sözlərinə görə, türk nazirlər Bakıda artıq bir neçə aya reallaşacaq TANAP-ın enerji aspekti ilə yanaşı, təhlükəsizlik tərəfini də müzakirə edəcəklər:

“Çox güman ki, bu məsələ qeyri-rəsmi halda müzakirə olunacaq. Çünki layihənin tərəfdarları ilə yanaşı, əleyhdarları da var. Məqsəd layihənin əleyhdarlarının mümkün əks addımlarının qarşısını almaqdır”.

Ekspert görüşdə Xəzər dənizinin statusu məsələsinin də müzakirə olunacağını qeyd edib:

“Xəzər dənizinin statusu ilə bağlı sammit apreldə Astanada keçirilməlidir. Sammitdən sonra Türkmənistanın layihəyə qoşulmasının perspektivləri, Aşqabadın burada hansı həcmlə iştirak edəcəyi, bunun Türkiyə və Azərbaycanın iştirakı ilə keçirilən infrastruktur layihələrinin inkişafına təsiri məsələləri gündəmdə olacaq. Ümumiyyətlə, bu ərəfələrdə müzakirə olunacaq məsələlər çoxdur, sadalananlar yalnız görünən hissəsidir”.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun gələn ayın ortalarında Azərbaycana səfəri gözlənilir. Nazirlər martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcəklər və Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.