Dünyanın nəhəng neft ölkələri toqquşur: Rusiya və Səudiyyə ABŞ-a qarşı
27-02-2018, 10:25
Elnur Sultanov: “Onların əlindəki əsas silah...”
“Economist” yazır ki, OPEC bundan sonra neft bazarı və oradakı qiymətləri təkbaşına tənzimləyə bilməyəcəyini başa düşdüyündən bu kartelə daxil olmayan daha 10 dövlətlə ittifaq yaratmağı düşünür. Bunların arasında ən önəmlisi Rusiyadır. Əgər bu plan baş tutarsa, kartelin son onilliklərdə irəli sürdüyü ən böyük ambisiya olacaq.
OPEC-in rotasiyalı prezidenti Süheyl əl-Mazruey deyib ki, məqsəd “superqrupun” yaradılması deyil.
Amma nə dərəcədə uğurlu olacağından asılı olmayaraq, məqsəd heç şübhəsiz qeyri-Amerika neft hasilatçılarının şist inqilabı qarşısında gücsüz olduqlarına dair oturuşmuş inancı sındırmaqdır.
2017-ci ilin ikinci yarısında Texas neftinin bazarı doldurması bu inancı daha da möhkəmləndirib. Neft təhlilçiləri deyirlər ki, bu il Amerika neft hasilatının həcmlərinə görə iki böyük hasilatçını - Səudiyyəni və Rusiyanı geridə qoya bilər. Səudiyyə qəti şəkildə inanır ki, Amerika 2014-cü ildə neft superliqasına qədəm qoymaqla neft qiymətlərini çökdürüb.
“Economist”in məqaləsində bildirilir ki, şist neftinin dirçəlişi OPEC, Rusiya və başqa hasilatçılar üçün çox həssas bir zamanda baş verir. Axı onlar son 14 ayda neftin qiymətlərini qaldıra biliblər. OPEC və Rusiya neft qiymətlərinin qaldırılması naminə hasilatın ixtisarı barədə sazişə giriblər. Cənab Mazruey deyir ki, bu sazişdən “çıxış strategiyası” yoxdur.
“Economist”in məqaləsində o da bildirilir ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında münasibətlərin dinamikası dəyişməkdədir. Belə görünür ki, onlar bir vaxtlar az qala düşmənçiliklə həmsərhəd olan qarşılıqlı etimadsızlığı bir tərəfə qoya biliblər.
Kral Salman oktyabr ayında ilk dəfə olaraq Moskvaya səfər edib. Bu iki ölkənin neft nazirləri bir-birilərinə tez-tez qonaq gedirlər. Bundan başqa, bu iki ölkə bir-birinin neft sənayelərinə misli görünməmiş investisiyalar yatırmağı müzakirə edirlər. Rusiyanın dövlət ehtiyat fondu “Aramco”nun satışından səhmlər almaq niyyətindədir. “Aramco” isə öz növbəsində Rusiya Arktikasındakı maye qaz layihəsində paya malik olmaq istəyir.
Neft qiymətlərini yüksək saxlamaq məqsədilə iki ölkə arasında uzunmüddətli əməkdaşlığın mümkünlüyü müdafiə xarakteri daşıyır. Onlar üçün təhlükə təşkil edən heç də təkcə Amerika neftinin artımı deyil. Qarşıdan gələn onilliklərdə neftə olan tələbatın yavaş-yavaş tənəzzülə gedəcəyi və neftin öz yerini daha təmiz enerji növlərinə verəcəyi gözlənir.
Buna görə də iri neft hasilatçıları xammal qiymətdən tam düşənədək onu satıb qurtarmağa çalışırlar. Belə şəraitdə neft hasilatının ixtisarı Riyad və Moskva arasında rəqabəti, bu iki ölkə iqtisadiyyatlarını neft asılılığından çıxaranadək təxirə salmaq deməkdir.
“Economist” yazır ki, belə strategiyanın fəlakətləri onun mənfəətindən çox ola bilər. Əgər Moskva-Riyad ittifaqı işləsə və neftin qiymətini 70 dollardan yuxarı qaldırsa, onda bazar dərhal Amerika, üstəlik, Braziliya nefti ilə dolacaq.
Neft təhlilçiləri tarixin təkrar olunması riski deyəndə, elə bunu nəzərdə tuturlar. Odur ki, OPEC və qeyri-OPEC ölkələri neft qiymətini düşməkdən qoruduqları kimi, artmaqdan da qorumalı olacaqlar. Əgər qiymətlər düşsə, bu ölkələr hasilatı bir az da ixtisar etməli olacaqlar. Bu yükü, adətən, öz üzərinə Səudiyyə götürüb, lakin bundan sonra da uğur qazanılması üçün yükün altına Rusiyanın da girməsi lazım olacaq (BBC).
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Sultanov mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, 2014-cü ildə amerikalılar bazarı doldurduqdan sonra neftin qiyməti düşməyə başlayanda Səudiyyə Ərəbistanı hesab elədi ki, qiymət düşsə, şişt neftini bazardan çıxara biləcək: “Şişt neftin maya dəyəri çox yüksəkdi - haradasa 40 dollar idi. Səudiyyə neftinin maya dəyəri isə 10 dolların altındadır. Buna görə də Ər-Riyad hesab elədi ki, qiymətlərin düşməsinə şərait yaradılsa, Amerikada istehsalçılar istehsalı azaldacaq, çoxusu da bazarı tərk edəcək. Səudiyyə kimi, Rusiya da bu düşüncədəydi. Buna görə də hən OPEK, həm də Rusiya istehsalı artırdılar. Lakin nəticə onların gözlədiyi kimi olmadı. Şişt istehsalçıları yeni texnologiyalar tətbiq edərək maya dəyərini aşağı saldılar. Yəni çox az qisim oyunçu bazardan çıxdı. Qiymətlərin düşməsi Rusiya və Səudiyyə Ərəbistanına ciddi zərər vurdu. Buna görə də onlar yığışıb belə qərara gəldilər ki, istehsalı azaltmaqla qiymətlərin yüksəlməsinə nail olsunlar. Təxminən hesabladılar ki, bazarda gündəlik 2 milyon ton artıq neft var, onu yığışdırsalar, qiymətlər yüksələcək”.
Ekspertin sözlərinə görə, əvvəllər də OPEK daxilində hasilatın azaldılmasına dair qərarlar qəbul olunub, lakin ona əməl edilməmişdi: “Lakin OPEK+ qərarı elə bir zamanda alındı ki, ənənəvi bazar iştirakçıları böyük zərərlər görmüşdülər. Buna görə də həm OPEK, həm də qeyri-OPEK ölkələri qərara əməl etdilər, bazardan gündəlik olaraq 1,5 milyon tonadək neft çıxarıldı, nəticədə qiymətlər 60-70 dollar civarınadək yüksəldi. Bu yüksəlmə ABŞ-ın şişt neft hasilatçılarını istehsala daha da ruhlandırdı. Son 5 həftə ərzində onlar hasilatı böyük sürətlə artırıblar, yalnız ötən həftə artım qeydə alınmayıb. Yəni Rusiya və Səudiyyənin hasilatı azaldıb qiyməti qaldırmaq siyasəti belə bir əks-effekt verib”.
E.Sultanovun fikrincə, bundan sonra bazardakı vəziyyət bir neçə amilin təsirindən asılı olacaq: “Hasilatın azaldılıb, qiymətin artırılması siyasətinə təsir göstərəcək iki amil var. Birincisi, Amerikada şişt istehsalçılarının yüksək qiymətə reaksiyasıdır. Əgər onlar hasilatı indiki sürətlə artırmağa davam etsələr, onda Rusiya və Səudiyyə Ərəbistanı da məcbur olacaqlar hasilatı artırmağa. Çünki onlar hasilatı azaltmağa davam etsələr, bazar payını itirəcəklər, bunu isə qətiyyən istəmirlər. Yox, əgər ABŞ-da hasilatın artım sürəti azalsa, kvota və mövcud qiymətlər qalacaq”.
Ekspert hesab edir ki, Rusiyadakı seçkilərdən sonra bazarda vəziyyətin gərginləşməsi ehtimalı da nəzərə alınmalıdır: “Ola bilsin ki, seçkilərdən sonra Putin yenidən Amerika ilə ticarət müharibəsinə başlamaq qərarına gəlsin. Amma düzünü deyim ki, bundan hansısa ciddi nəticə əldə olunacağını gözləmirəm. Çünki bunların əlindəki yeganə silah hasilatdır. Onu artırıb bazarı doldursalar, qiymətlər sürətlə düşəcək. Bundan isə ABŞ dövlət olaraq heç nə itirməyəcək. Əksinə, mən deyərdim ki, qazanacaq. Çünki orada nefti hasil edən özəl şirkətlərdir, zərər dəysə, onlara dəyəcək. Dövlətə gəlincə, neftsiz olduqda iqtisadiyyat daha yaxşı inkişaf edir. Bu baxımdan, ABŞ dövləti itirməyəcək. Rusiya və Səudiyyədə nefti çıxaran dövlətdir - qiymətlərin düşməsi dövlətin gəlirlərini kəskin şəkildə azaldacaq. Nəzərə alsaq ki, hər iki ölkənin iqtisadiyyatı-gəlirləri neftin üzərində qurulub, onda hər iki dövlətin qiymət ucuzlaşmasından ciddi zərər görəcəyini söyləmək olar. Uzağa getməyək, 2014-2016-cı illərdə bunun şahidi olduq”.