Azərbaycan prezidenti Türkiyə səfəri ərəfəsində İsraildən dəvət aldı

24-04-2018, 10:01           
Azərbaycan prezidenti Türkiyə səfəri ərəfəsində İsraildən dəvət aldı
Sabah İlham Əliyev Ankaraya gedir; Netanyahu da prezidentə dəvət göndərdi
Sabah - aprelin 25-də prezident İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedir. Bu, 11 aprel seçkilərindən sonra onun xaricə ilk səfəridir və təbii ki, ilk növbədə rəmzi məna daşıyır, dünyaya, dost-düşmənə mesaj xarakterlidir. O anlamda ki, Azərbaycan-Türkiyə münasibətləri “bir millət - iki dövlət” kimi formulə olunur.

Bu eyni zamanda Bakı və Ankaranın əsas regional və qlobal məsələlərdə vahid mövqedən çıxış etdiyinin, ortaq yanaşma sərgilədiyinin növbəti nümayişi olacaq. Sabahkı səfər həmçinin o anlama gəlir ki, Türkiyənin dərdi daim Azərbaycanın, Azərbaycanın problemi isə Türkiyənin problemi olaraq qalacaq.

Şübhə yox ki, səfər iki strateji müttəfiq dövlət arasında dostluğun və qardaşlığın, ikitərəfli əlaqələrin, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın bir az da dərinləşməsi ilə yadda qalacaq.

*****

Maraqlıdır ki, İlham Əliyevin Türkiyəyə səfəri ərəfəsi İsrail dövlətinin baş naziri Benyamin Netanyahu Azərbaycan prezidentini öz ölkəsinə dəvət edib. “Yeni Müsavat” qəzetinin Azərbaycan prezidentinin saytına istinadən verdiyi xəbərə görə, dəvət Netanyahunun İlham Əliyevə ünvanladığlı təbrik məktubunda yer alıb.

Sitat: “Hörmətli cənab prezident, əziz dostum! Azərbaycan prezidenti vəzifəsinə ardıcıl dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin. İsrail ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik. Bu xoş fürsətdən istifadə edərək Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram. 2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı Sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Zati-aliləri, Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram”.

Dəvətə rəsmi Bakının hansı cavabı verdiyi hələlik bəlli deyil. Bəlli olan budur ki, İsrail Türkiyədən sonra Azərbaycan üçün ikinci mühüm, strateji əhəmiyyətli dövlətdir. Söhbət öncəliklə yəhudi dövləti ilə yüksək səviyyəli hərbi-texniki əməkdaşlıqdan, rəsmi Təl-Əvivin Qarabağ məsələsində tutduğu ədalətli mövqedən və nüfuzlu yəhudi lobbisinin imkanlarından Azərbaycanın xeyrinə istifadədən gedir. Bu mənada İlham Əliyev dəvəti qəbul edib İsrailə getsə, təəccüblü yox, məntiqli olar.

*****

Bu səfərə, yəqin ki, ərəb ölkələrindən çox İrandan etiraz gələcək. Ancaq o da keçici olacaq. Hər halda müsəlman İranın prezidenti başda olmaqla, Tehran rəsmilərinin işğalçı Ermənistanı “su yoluna” döndərdiyi faktdır. Yəni hərənin öz dövlət, milli maraqları var. O zaman niyə Azərbaycan da öz çıxarlarını nəzərə almasın?

Başqa yandan, qardaş Türkiyə İsraillə çoxdan diplomatik əlaqələr qurub - arada cari gərginliklər yaşansa da. İran Türkiyəyə niyə etiraz eləmir o zaman? İsrail səfərinə kimi isə orada Azərbaycanın diplomatik nümayəndəliyi açıla bilər - hansı ki, yenə məhz İranı qıcıqlandırmamaq üçün indiyədək açılmayıb.


Ancaq Tehrana birtərəfli reveranslar zamanı keçib. Üstəlik, təkrar edirik, qardaş Türkiyənin İsraildə səfirliyi varsa, Azərbaycanın da ola bilər. Ən əsası, həm səfərin baş tutması, həm də səfirliyin açılması Azərbaycanın dünyadakı imicini möhkəmləndirər, Qarabağ məsələsində və ermənilərin saxta soyqırımı iddiasına qarşı beynəlxalq yəhudi icmasının daha güclü dəstəyi demək olardı. Bu isə qardaş Türkiyənin da strateji maraqlarına cavab verir.

Həm də o səbəbə ki, Bakının da yəhudi dövlətinə təsir imkanları artmış olacaq ki, bu da öz növbəsində İsrail-Türkiyə anlaşılmazlığının vaxtında aradan qaldırılmasına mühüm töhfə verə bilər. Bu yerdə İsrailin müdafiə naziri, Azərbaycanın lobbistlərindən olan Aviqdor Libermanın br neçə ay öncə söylədiyi bir fikri xatırlatmağa dəyər. Liberman demişdi ki, “İsrail qondarma erməni soyqırımını tanıya bilməz, təkcə ona görə yox ki, bu, tarixi əsası olmayan məsələdir, həm də o səbəb ki, Azərbaycanı incidə bilmərik”.

*****


Azərbaycan isə İsrail üçün Bakı-Ceyhan neftinin satıcısı olmaqla yanaşı, etibarlı və qiymətli silah alıcısıdır. Özü də İsrail bəzi müasir silahlarını məhz Azərbaycana verir və onlardan heç Rusiyanın özündə belə, yoxdur. Həmçinin Azərbaycanla bəzi yüksək dəqiqlikli PUA-ların birgə istehsalı qurulub, “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemləri ilə bağlı anlaşma var. Silah ticarətinin həcminə görə isə İsrail Azərbaycan üçün Rusiyadan sonra ikinci yerdədir.

İlham Əliyevin yəhudi dövlətinə səfərini həm də bu amillər diktə edir. Məntiqlə Azərbaycan lideri Rusiyaya - Ermənistanın işğal ortağı olan ölkəyə səfərlər edirsə, səfər istiqaməti kimi strateji tərəfdaş ölkə olan İsrail də seçilə bilər...

Bu arada İsrailin “Haarets” qəzeti Azərbaycanın Ermənistan üzərində üstün hərbi qüdrəti haqda yazı hazırlayıb. “Yeni Müsavat” xəbər verir ki, yazıda İsrailin Azərbaycana verdiyi yüksək dəqiqlikli silah-sistemlərdən, o sırada kamikadze-dronlardan (PUA) da söz açılır. “Təxminən iki il öncə (aprel döyüşləri nəzərdə tutulur - red.) ”Wasington Post" yazmışdı ki, adıçəkilən dronları Qarabağda görüblər. Bu dronları həm qurudan, həm də dənizdən idarə eləmək mümkündür", - deyə yazıda qeyd olunur.

Daha sonra baş nazir Netanyahunun il yarım öncəki Bakı səfəri yada salınır: “Bu səfər zamanı prezident İlham Əliyev bəyan edib ki, onun ölkəsi ilə İsrail arasında ”müdafiə texnikası" almaq üçün 4.85 milyard dollar həcmində müqavilələr imzalanıb. Həmin müqavilələrin bir hissəsi artıq həyata keçib və biz əməkdaşlığımızdan razıyıq”, - deyə Əliyev bildirib. Əliyev habelə deyib ki, hər iki tərəf artıq neçə ildir təhlükəsizlik sahəsi üzrə məhsuldar şəkildə əməkdaşlıq edir.

Məqalə bu sözlərlə bitir: “Son illər yük təyyarələri Azərbaycan və İsrail arasında çoxsaylı reyslər edir. SILKWAY aviya yük daşıyıcı şirkətinin təyyarələri müntəzəm şəkildə həftədə üç dəfə Ben-Quruon hava limanına enir. Beynəlxalq uçuşlara dair açıq saytların məlumatına görə, son iki ildə Azərbaycanın Müdafiə Nazirliyinin təyyarələri İsrailin cənubundakı hərbi bazaya 6 eniş edib və boşalandan və ya yük götürəndən bir neçə saat sonra havaya qalxıb...”

Siyasət şöbəsi,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.