OPEK ölkələri toplanır - hasilat artırılacaq, qiymət isə...

21-06-2018, 11:29           
OPEK ölkələri toplanır - hasilat artırılacaq, qiymət isə...
İlham Şaban: “İstehsal artırılsa da, neftin qiymətinin ucuzlaşacağı gözlənilmir”
İyunun 21-23-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda 7-ci beynəlxalq seminarı keçiriləcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxışı nəzərdə tutulub. Bundan başqa, energetika nazirinin OPEK-ə Üzv və Kartelə Daxil Olmayan Ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır.

“Yeni Müsavat”a danışan ekspert İlham Şaban bildirib ki, bu toplantıda neft hasilatının artırılması gözlənilir:

“İstehsalın artırılması ilə bağlı təkliflər var. Bu isə onunla əlaqədardır ki, hazırda dünya bazarında neftin qiyməti yüksək həddədir. Qeyd edilir ki, bütün planlar həyata keçirilir, ədalətli qiymət bərpa olunur. Baxmayaraq ki, bir sıra ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı, Rusiya komfortlu qiyməti 70-80 dollar arasında hesab edirlər. Ancaq Amerika kimi ölkə hesab edir ki, dünya bazarında neftin qiyməti kifayət qədər yüksəkdir və bu, bütün ölkələrin maraqlarına cavab vermir. Ona görə də hasilatın bir qədər artırılacağı ilə bağlı mətbuata sızmalar var. Düşünürəm ki, bu toplantı bir qədər gərgin keçəcək. Toplantı üçün ayın 21-23-ü olmaqla, kifayət qədər də zaman ayırıblar. Həm OPEK ölkələri, həm də energetika, neft nazirləri müxtəlif səviyyələrdə görüşəcəklər. Artıq o görüşdən öncə siyasi çalarlar da müşahidə olunur. Belə ki, İran görüşə getməkdən imtina edib. Aydındır ki, o, nə üçün bu cür addım atdı. Çünki İran gözləyirdi ki, OPEK ölkələri, yəni onunla iqtisadi blokda olan tərəfdaşları Amerikanın may ayında ona qarşı atdığı sanksiyalara qarşı öz dəstəyini göstərəcəklər. Ancaq bu, heç də belə olmadı. Artıq ölkələr konkret olaraq İranın kvotasını bölmək uğrunda mübarizə aparırlar. İlk olaraq Səudiyyə Ərəbistanı İranın bütün kvotasının özü tərəfindən qarşılanacağını elan edib. Baxmayaraq ki, digər ölkələr o dəqiqə səslərini çıxardılar ki, niyə sən bunu etməlisən? Elə digər ölkələr arasında da bu kvota bölünə bilər. Yəni burada heç də hər şey rəvan deyil. Ona görə də hesab edirəm ki, bu, OPEK-in bir qədər mübahisəli səviyyədə keçən konfransı olacaq”.


Ekspert bildirib ki, istehsal artırılarsa da neftin qiymətinin ucuzlaşacağı gözlənilmir:

“İlk baxışdan belə görünə bilər ki, neftin qiyməti ucuzlaşacaq. Ancaq bütün beynəlxalq şirkətlərin proqnozlarında belə bir məsələ var ki, ilin ikinci yarısında neftə olan tələbat artıma doğru gedəcək. Ona görə ki, dünyada iqtisadi inkişaf tempi artacaq. İlin birinci yarısında klimatik hadisələr neftin qiymətinin artımında xüsusi rol oynadı. Bundan sonra bir sıra hadisələr baş verdi ki, bu, neftin qiymətinin yüksək həddə saxlanmasına gətirib çıxardı. Eyni zamanda Trampın İrana qarşı sanksiya tətbiq etməsi iki həftə dünya bazarında neftin qiymətlərinə çox güclü təsir göstərdi. Bundan sonra da hadisələr artıq dünyada inkişaf etmiş ölkələrin özünün iqtisadi deyimində neftə olan tələbatın artımına dəlalət edən proqnozlar ortaya çıxarır. Bu baxımdan da hasilatın artırılması nəyisə dəyişməyəcək. Hətta ABŞ-da şist neft hasilatının ötən ildən etibarən artmasına baxmayaraq heç də qiymətlər aşağı düşməyib. Ola bilər ki, neftin qiyməti 70 dollar həddən aşağı düşməsin. Belə olan halda isə artıq neftin illik orta qiymətinin 72 dollar səviyyəsində olması proqnozları səslənir. Bu isə ötən illə müqayisədə neftin qiymətinin təqribən 33 faiz artımı deməkdir. Qeyd edilən qiymət kifayət qədər yüksəkdir və şirkətlər, o cümlədən iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün hazırkı qiymət bir sürprizdir. Ona görə ki, 2017-ci ildə 2016-cı illə müqayisədə neftin qiymətləri 23 faiz artıb. İndi isə daha 10 faiz artım müşahidə olunur. Bu isə qeyd etdiyim kimi, həm şirkətlər, həm də iqtisadiyyatı neftdən asılı ola ölkələr üçün kifayət qədər böyük gəlirlər vəd edir”.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEK Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEK Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.