Əli İnsanov qardaşının yasına buraxılıb, o isə imtina edib
27-10-2015, 20:50
Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirakına icazə verilməməsi barədəki informasiyalar həqiqəti əks etdirmir”.
Bu barədə virtualaz.org saytına Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Penitensiar Xidmətdən verilən məlumata görə, Əli İnsanovun müvafiq xahişi yerinə yetirilib və ona qardaşının yas mərasimində iştirak etməyə icazə verilib: “Məhkumun cəza çəkdiyi 13 saylı müəssisənin rəisi onu bu haqda məlumatlandırıb. Lakin Əli İnsanov “mən fikrimi dəyişdim, yasda iştirak etmək istəmirəm” deyərək bundan özü imtina edib”.
Penitensiar Xidmət sabiq nazirin vəkilinin mətbuata açıqlamasında səsləndirdiyi fikirləri qəti şəkildə təkzib edib.
* * *13:50
Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirakına icazə verilməyib.
Bu haqda modern.az-a vəkil Toğrul Babayev məlumat verib.
* * *12:31
Sabiq səhiyyə naziri Əli İnsanov dünyasını dəyişən qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirak etməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edilib.
Keçmiş nazirin hüquqlarını müdafiə edən vəkil Toğrul Babayevin modern.az saytına verdiyi məlumata görə, onun yas mərasimində iştirak edib-etməyəcəyi bu gün bəlli olacaq.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.