Bu gün Rauf Mirqədirova hökm oxunacaq
23-12-2015, 09:12

urnalist son söz deyəcək; cəmiyyətin məhkəmə qərarından gözləntiləri böyükdür
Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsindən “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun son məhkəmə prosesi keçirilə bilər. Artıq dövlət ittihamçısı jurnalistə 7 il həbs cəzası istəyib. Prosesdə müdafiə tərəfinin çıxışları olacaq, vicdan məhbusu son sözünü deyəcək.
Saat 10:30-da Əlisultan Osmanovun sədrliyi ilə başlayacaq məhkəmə iclasından cəmiyyətin gözləntiləri böyükdür. Çoxları hesab edir ki, hakim hər kəsi sevindirəcək qərar verə bilər. Bu ümidlərin yaranmasına səbəb Mirqədirovla bərabər eyni cinayət işi üzə ittiham olunan şəxslər-Leyla Yunus və həyat yoldaşı Arif Yunusun azad olunmasıdır.
Jurnalistin vəkili Fuad Ağayev məhkəmə çıxışının 1 saat davam edə biləcəyini vurğuladı: “Son məhkəmə prosesi ola da bilər, olmaya da. Bizdən asılı məsələ deyil. Çıxışım uzağı bir saat çəkəcək. Sonda Rauf son sözünü deyəcək”.
MTN təcridxanasına oğlu üçün yemək və başqa ləvazimatlar aparan Mirqədirovun anası Rəfiqə İsayeva prosesdən gözləntilərinin olduğunu bildirdi: “Dekabrın 22-də Rauf üçün yemək və başqa ləvazimatlar apardım. Həmişə olduğu kimi, gətirdiyim əşyaları aşağıda qəbul etdilər. Onun özü ilə görüşə bilmirəm. Dekabrın 23-də keçiriləcək məhkəmədən çox şey gözləyirəm. Ümid edirəm ki, oğlum azad olunacaq. Çünki onunla bərabər saxlanılan şəxslər azad olunublar. Raufun hazırda azad olunması mütləqdir. Son 1 il 8 ayda Rauf barədə bütün yerlərə müraciət etmişəm. Amma yalnız Heydər Əliyev Fondunun işçiləri mənə cavab verdilər. Mehriban Əliyevanın xalası qızı Məlahət xanım cavabında bildirdi ki, sizin oğlunuzun işinə obyektiv baxılacaq. Sonuncu məktubuma isə yenə o cavabı verdi ki, bu barədə Mehriban xanıma məlumat verəcəm. Buna görə Mehriban xanım başda olmaqla, fondun işçilərinə dərin təşəkkürümü bildirirəm. Bu cavablardan sonra inanıram ki, ədalət bərpa olunacaq, bu işdə Mehriban xanımın köməyi olacaq. Ümid edirəm ki, cənab prezident İlham Əliyev və həyat yoldaşı Mehriban xanım bizə bayramqabağı sevinc bəxş edəcəklər. Məhkəməni aparan şəxslər çox müsbət bir proses aparıblar. Bu baxımdan onların göstərdiyi münasibətdən çıxış edərək, oğlumun azadlığa buraxılacağına inanıram”.
“Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı proses barədə bunları dedi: “Dekabrın 23-də hökm oxunmaya da bilər. Müdafiə tərəfi danışacaq. Rauf özü sonra çıxış edəcək. Ola bilsin ki, hökm də elan olunsun. Prosesdə hökm üçün növbəti məhkəmə də təyin oluna bilər. Ya buraxacaqlar, ya da iş verəcəklər. Kimin üçünsə ya şok, ya da adi bir qərar veriləcək. O baxır vəziyyətə. Ümid edirəm ki, bu məhkəmə prosesinin nəticəsi xeyli müsbət olacaq. Bütün hadisələrin gedişatının məntiqinə uyğun olaraq, ona istinadən danışsaq, müsbət nəticə olmalıdır. Amma konkret nə olacaq, bu məlum deyil. Məhkəmə barədə proqnoz vermək düzgün deyil. Ümidverici məqam odur ki, prokuror Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib. Yəni veriləcək cəzanın minimum həddindən də aşağı cəza istəyib. Bunun özü xeyli dərəcədə müsbət addımdır. Bu baxımdan ümidlərimiz artıb”.
Xatırladaq ki, R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.