Rusiyada Qarabağda istehsal olunan “Madatov” konyakı satılır: Gömrük Komitəsindən etiraz

13-01-2016, 23:01           

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, “Domodedovo” hava limanının rüsumsuz ticarət mağazalarında satılan “Мадатовь” adlı konyakların Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində - Dağlıq Qarabağda istehsal edildiyini və Ermənistan vasitəsilə Rusiya bazarlarına çıxarıldığını müəyyənləşdirib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq, Dövlət Gömrük Komitəsi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, bildiyiniz kimi iyirmi ildən artıqdır ki, Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan Respublikasının işğalı altındadır. Bu ərazilərin azad edilməsini tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, eləcə də bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, bu işğal hələ də davam etməkdədir. Beynəlxalq hüquqa əsasən işğal altında olan ərazilərdə istənilən iqtisadi fəaliyyət (istər sahibkarlıq, istərsə də qeyri-sahibkarlıq fəaliyyəti) qadağandır.

DGK müraciətdə Moskvanın “Domodedovo” hava limanının “Duty Free” (rüsumsuz ticarət) mağazalarında “Мадатовь” adı altında konyak məhsullarının satışının həyata keçirildiyini bildirib. Bu məhsul Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində yerli xammal və materiallardan istifadə edilməklə hazırlansa da, bağlama üzərindəki ştrix-kod Ermənistan Respublikasına aiddir ki, bu da malın mənşə ölkəsi haqqında sənədlərin və ticarət markasının saxtalaşdırlmasına dəlalət edir. Beləliklə, belə malların Rusiyaya idxalı üçün heç bir qanuni əsası yoxdur.



Müraciətdə qeyd edilib ki, bu kimi hallar Moskva və Rusiyanın digər şəhərlərində yerləşən ərzaq mallarının satış nöqtələrində də müşahidə olunur.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya FGX) arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsinə istinad olunaraq, DGK Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində istehsal edilən malların sərbəst satışının qarşısının alınması, eləcə də belə hərəkətlərə yol verilməməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edib.

Xatırladaq ki, aşkar olunmuş faktla bağlı Dövlət Gömrük Komitəsi rəsmi olaraq respublikamızın əlaqədar qurumlarını da məlumatlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.