Gürcüstanın yeni qaz planına ABŞ dəstək verdi

18-01-2016, 21:51           
Gürcüstanın yeni qaz planına ABŞ dəstək verdi
“Gürcüstan hökuməti şəffaf enerji siyasəti yürütməlidir”. Bu fikirləri ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Gürcüstanda enerji müstəqilliyi məsələsi 2015-ci ilin sentyabrında bu ölkənin Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar apardığı məlum olduqdan sonra qabarıb. Bu məsələdə müxalifətçilər və mütəxəssislər öz narahatlığını bildirib.

“Hökumətin enerji siyasətində şəffaflığa diqqət yetirməsi həmişə vacibdir. Gürcüstanın enerji ehtiyatı qısamüddətlidir və fikrimcə, potensial enerji təchizatçısı ilə danışıq daha uzaqgörən addımdır ” deyə ABŞ səfiri Yan Kelli qeyd edib.

“Əlbəttə, Biz Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı ilə bağlı narahatlıq keçirdik. Fikrimcə, yəqin Gürcüstan hökuməti bu çağırışları başa düşür” deyə Kelli vurğulayıb.

Azərbaycan Gürcüstanı təbii qazla təmin edən əsas təchizatçıdır. Amma Azərbaycan hazırda bu ölkənin 2012-ci ildən bəri təxminən 38 faizə çatan ehtiyacını texniki baxımdan tam təmin edə bilmir. Bu baxımdan kəsir Rusiya qazı ilə doldurulur.

Gürcüstanın energetika naziri Kaxa Kaladze isə “Qazprom”la danışıqların qaz alışı ilə bağlı olmadığını, tərəflərin 2003-cü ildən bəri hər il hazırladığı müqaviləyə aid olduğunu açıqlamışdı.

Gürcüstanın hər il 2.5 mld kubmetr qaza ehtiyacı var. Ölkə bu ehtiyacın böyük hissəsini Azərbaycandan təmin edir. Qalan faiz isə Rusiyaya düşür ki, bu da ümumi həcmin 10 faizidir. Bu isə Gürcüstanın ərazisindən tranzit ölkə olaraq istifadə edib Ermənistana qaz ötürdüyü üçün ödəniş əvəzi olaraq verilir.

Son vaxtlar Gürcüstanın qazla bağlı yeni planlar qurduğu barədə məlumatlar yayılıb. Hətta bunun üçün gürcü nazir Kaxa Kaladzenin ötən ilin dekabrında Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ilə gizli görüş keçirdiyi bildirilmişdi.

Gürcü analitiklər bunu ölkənin Azərbaycandan idxal etdiyi "mavi yanacağ"ın 50%-ni Rusiya qazı ilə əvəz etmək niyyətində olması kimi izah etmişdi.

Bu il yanvarın 13-də isə Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev Gürcüstana səfər edərək məhz qaz məsələsi ilə bağlı baş nazir Georgi Kvirikaşvili ilə görüşmüşdü. Həmin görüşdə iştirak edən energetika naziri Kaxa Kaladze isə mətbuata açıqlamasında bildirmişdi ki, SOCAR bu il Gürcüstanın qaza olan tələbatını ödəyə bilməyəcək. Onun sözlərinə görə, hazırda yeni tarif planı üzrə danışıqlar aparılır, bu il Azərbaycan ixrac etdiyi təbii qazın həcmini artıra bilmir.

Bundan əvvəlsə Kaladze SOCAR-dan “mavi yancağ”ın qiymətini aşağı salmasını istəmişdi.

“Mən qiymət açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, “Qazprom”un təklif etdiyi qaz Azərbaycandan idxal olunandan daha ucuzdur. Biz “Qazprom”un qiymətlərini SOCAR-la müzakirə edəcəyik”, - deyə Kaxa Kaladze qeyd etmişdi.

Gürcüstanın bu barədə hətta İranla da sövdələşmə apardığı üzə çıxmışdı. İrandan Gürcüstana qaz nəqli Ermənistanın ərazisindən nəzərdə tutulur ki, bu da hələlik Rusiyanın təzyiqi altında olan Ermənistanın susması ilə müşahidə edilir.

Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Özü də Azərbaycan bu ölkəyə qazı güzəştli qiymətə satır. Gürcüstan milli statistika agentliyi Geostat-ın məlumatına əsasən 2014-cü ildə Gürcüstan “Şahdəniz-1” yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, “Şahdəniz-2” yatağından isə min kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr qaz alıb.

Belə görünür, gürcülər bu sahədə əlavə satıcılarla sövdələşib rəqabətli mühit yaratmaqla, ehtiyacı olduqları qazı daha ucuz qiymətə almaq niyyətindədirlər. Amma ABŞ səfirinin də vurğuladığı kimi, gürcü hökuməti alış-veriş etmək istədikləri satıcının onlara qarşı işğalçılıq niyyətini və planını yaddan çıxarmamalıdır. Hazırda Gürcüstana iqtisadi təsir gücü olmadığından, Rusiyanın qazdan asılılıq vasitəsilə bu ölkəyə həm də siyasi təzyiq göstərə biləcəyini də istisna etmək olmaz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.