Bakıda Abbas Mirzə Şərifzadənin yaşadığı tarixi binanı sökmək istəyirlər - FOTOLAR
11-02-2016, 22:01
Bakının daha bir tarixi binası təhlükə qarşısındadır. Daimi oxucumuz Fərid Əliyevin redaksiyamıza göndərdiyi fotolardan məlum olur ki, Azərbaycanın görkəmli teatr xadimi Abbas Mirzə Şərifzadənin yaşadığı tarixi malikanə sökülmək təhlükəsi ilə üzləşib. Həmin binanın az qala bir əsr yarım yaşı var və paytaxtın tarixi simasını əks etdirən, son vaxtlar sayı sürətlə azalan tikililərdən biridir.
Bu tarixi binanın taleyinə aydınlıq gətirmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə zəng vurduq. Ancaq komitənin sektor müdiri Fəxri Aydəmir bildirdi ki, bu strukturun tarixi binanın dağılmaq təhlükəsi qarşısında qalmasına heç bir aidiyyatı yoxdur.
Onun sözlərinə görə, Komitə prinsipcə heç bir tarixi binanın sökülməsini istəmir. Ancaq Nazirlər Kabinetinin 2015-ci il 11 noyabr tarixli, 358 saylı qərarına əsasən binaların sökülməsi ilə bağlı bütün məsələlər rayon icra hakimiyyətləri tərəfindən həll edilir. Buna görə də həmin binanın taleyinə də Yasamal rayon İcra Hakimiyyəti aydınlıq gətirməlidir.
Yasamal rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verən olmadı. Mədəniyyət və Turizm Nazirliyi isə bizi əmin etdi ki, həmin bina tarixi obyektlər sırasındadır və dövlət tərəfindən qorunur. Qanuna görə belə obyektlər ancaq o halda sökülə bilər ki, qəza vəziyyətində olsun və ya vətəndaşların həyatına təhlükə yaratsın.
Bundan əvvəl saytımız Bakıdakı məşhur “Qriffonların evi” kimi tanınan binanın da sökülmək təhlükəsi qarşısında qalmasından yazmışdı. Saytımızın bu məsələni işıqlandırmasından sonra müvafiq strukturlar hərəkətə keçdilər və binanın sökülməsi təxirə salındı.