Ermənistan sərhədə qoşun yığır: Yeni təxribat hazırlığı?

22-11-2021, 20:09           
Ermənistan sərhədə qoşun yığır:
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə görüşəcəyi barədə məlumatlar yayıldığı bir vaxtda erməni mənbələri rəsmi İrəvanın sərhədə qoşun yığması barədə xəbərlər tirajlayır.

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, son iki gündür Ermənistan Azərbaycanla sərhədə əlavə hərbi qüvvələr göndərməyə başlayıb. Kəlbəcər və Laçin istiqamətində hərbi qüvvələrin sayının artırılması, əlavə texnikaların cəlb edilməsini sərhəddə yaşayan erməni əhalisi də təsdiqləyir.

Əlbəttə belə bir məqamda Ermənistanın sərhədə əlavə qoşun yığmasını 16 noyabr döyüşlərində xeyli itki verməsi ilə də əlaqələndirmək olar. Yəni, güman etmək olardı ki, rəsmi İrəvanın bu addımı müdafiə xətlərini gücləndirmək məqsədi daşıyır.

Lakin erməni mənbələrini izləyərkən Ermənistanın bu addımı ilə yeni təxribatlara hazırlaşdığı aydın olur.

Son döyüşlərdən öncə də erməni tərəfi sərhədə əlavə qüvvə cəlb etmişdi. Döyüşlərdən sonra isə Azərbaycana qarşı təxribat xarakterli bir neçə addım atmağa cəhdlər edildi. Cermux istiqamətindən mövqelərimizin atəşə tutulması buna nümunə ola bilər.

Erməni mənbələri Azərbaycan Ordusunun əlavə qüvvələrlə gücləndirilidiyini, guya Naxçıvan və Laçın istiqamətlərindən hücuma hazırlaşdığını iddia edir.

Halbuki, Azərbaycanın buna ehtiyacı yoxdur. Çünki əsas strateji yüksəkliklərə Azərbaycan Orudusu nəzarət edir. Yəni, üstünlük Azərbaycandadır.

Ermənilər sadəcə bu "fake news”la yeni təxribatlara zəmin hazırlayır.

Siyasi analitiklər düşünür ki, məqsəd Brüssel görüşünün əhəmiyyətini azaltmaqdır. Doğrudur, həmin görüşdə tərəflər arasında hər hansı bir sənədin imzalanacağı gözlənilmir. Amma danışıqlar prosesi üçün yeni "yol xəritəsi”nın müəyyənləşəcəyi də istisna edilmir. Ermənistanın görüşqabağı sərhəddə yeni təxribatlara əl ataraq vəziyyəti gərginləşdirmək istəyi belə düşünməyə əsas verir ki, İrəvan məsələnin danışıqlar yolu ilə həllində maraqlı deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.