Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ

23-11-2021, 16:02           
 Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkəni tərk etməsinə qadağa qoyulub.

Ona qarşı xüsusilə iri məbləğdə rüşvət alma maddəsilə ittiham irəli sürülüb. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. Müvafiq qətimkan tədbirinin iltizam əsasında məhkəmə tərəfindən seçildiyi bildirilib.

Ermənistanın üçüncü prezidenti olmuş Sarkisyan dünən gönorta saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. O, təqsirləndirilən şəxs qismində dindirilib. Onun vəkili Amram Makinyanın sözlərinə görə, Sarkisyan prezident olduğu dövrdə sahibkar Silva Ambartsumyandan rüşvət alınması işi ilə bağlı ifadə verib.

Xatırladaq ki, Ambartsumyanın ifadəsi əsasında keçmiş prezident Robert Köçəryana qarşı da ittiham irəli sürülüb. Onun ittiham olunduğu “rüşvət alma” maddəsi ilə cinayət işi davam etdirilir. Sahibkar Silva Ambartsumyan Köçəryanı 2008-ci ildə 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham edib.

Qeyd edək ki, Serj Sarkisyan və Robert Köçəryan Ermənistanın Azərbaycan ilə normal münasibətlərinin qurulmasına, Zəngəzur dəhlizinin açılmasına və iki ölkə arasında sülh sazişinin imzalanmasına qarşı çıxırlar.

Onlar bunun üçün tez-tez paytaxt İrəvanın mərkəzi küçələrində Paşinyana qarşı etiraz aksiyaları təşkil edirlər. Görünən odur ki, Nikol Paşinyan bununla ona qarşı çıxan rəqiblərini özündən uzaqlaşdırmağa çalışır.

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, Sarkisyan və Köçəryana qarşı indiyə kimi korrupsiya ilə yanaşı digər cinayət işləri də açılmalı idi:

“Çünki onların hər ikisi əliqanlı cinayətkarlardır. Lakin Paşinyan 2 ildən artıq hakimiyyətdə olduqdan sonra bunu etdi.

Görünür, Sarkisyan və Köçəryan Paşinyana qarşı çıxdığı və etiraz mitinqləri təşkil etdiyi üçün onlara qarşı rəqiblərin aradan götürülməsi prosesi başlayıb. Əslində, onlar erməni xalqı üçün hazırda ciddi siyasi fiqur hesab olunmurlar. Sonuncu parlament seçkiləri də onu göstərdi ki, Sarkisyan və Köçəryanı dəstəkləyən və səs verən çox az miqdarda seçici qalıb. Çünki onların dövrü artıq başa çatıb və “Qarabağ klanı” iflasa uğrayıb.

Paşinyanı onsuz da, onların hakimiyyətə gələ biləcəyindən narahat deyil. Düşünürəm ki, Paşinyan bunları ona görə edir ki, Köçəryan və Sarkisyana onun siyasi addımlarına maneçilik etməsinlər. Paşinyan sadəcə olaraq, ictimai rəyi bura yönəltməyə çalışır. Bütün bunlara baxmayaraq, bu hakimiyyət uğrunda mübarizənin də göstəriciləridir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.