Jurnalistin evinə silah qoyan MTN zabitinin adı açıqlandı - Ölkəni tərk etmək istəyib

24-04-2016, 20:03           

Pərviz Həşimli ona qarşı keçirilən MTN əməliyyatı ilə bağlı yeni detalları ictimailəşdirdi

Bu yaxınlarda azadlığa çıxmış vicdan məhbusu Pərviz Həşimli 2013-cü ildə MTN-nin onu şərləməsi ilə bağlı yeni faktlar açıqlayıb. Musavat.com xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkədəki statusunda aşağıdakıları yazıb: “2013-cu il 17 sentyabr tarixində Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinin mənzilimə hücumunu heç kəs unutmayıb. Həmin günü 5 yaşlı qızım Zeynəb balaca əllərini köksündə çarpazlayaraq, “nə olar bizi öldürməyin” deyə, o quldur dəstəsinin qarşısında fəryad eləmişdi. Bu gün evimə silahı qoyan MTN-nin zabitinin adını öyrəndim. Bu, Antiterror Mərkəzində şöbə rəisi işləmiş (Hazırda Mədət Quliyev onu qovub) Çingiz Hacıyevdir. Bu adam Eldar Mahmudovun şərlədiyi insanların mənzilinə, avtomobilinə silah-narkotik qoyan şəxs kimi MTN-də tanınıb. Heç bir hörməti olmayan, mənəvi cəhətdən deqradasiyaya uğrayan birisi kimi tanınır”.

P.Həşimli musavat.com-a açıqlamasında isə bu statusu ilə bağlı detalları açıqlayıb.
Jurnalist bildirib ki, Çingiz Hacıyev onun mənzilinə silah qoymaqla yanaşı, həm də mənzilinə və ofisinə edilən basqına rəhbərlik edib: “Onun barəsində çox şeylər öyrəndim. Sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin də mənzilinə silahları o qoyub. Bu adam ümumiyyətlə, MTN-də belə işlərlə məşğul olub. Həm Akif Çovdarovun, həm də Antiterror Mərkəzinin şərləmə əməliyyatlarında əsas simalardan olub. Məni ilk dəfə Səbail Məhkəməsinə gətirəndə başıma qara torbanı da o keçirib. Bundan başqa bildirmək istərdim ki, hazırda o, MTN sıralarından xaric edilib. Hətta ölkəni tərk etmək istəyərkən, Qırmızı Körpüdə ona “stop” qoyulduğundan geri dönüb. Hazırda isə onun istintaqa cəlb olunması barədə məlumatlar var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.