Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Bu gün, 00:02

Qızılın qiyməti bazarda rekord həddə bahalaşıb. Bir troya unsiya (31,1 qram) qızılın qiyməti Nyu-Yorkun COMEX əmtəə birjasında 0,33% artaraq 3 618,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,37% artaraq 41,57 ABŞ dolları olub. Bu barədə APA Ekonomiks məlumat yayıb.
Nyu-York demişkən, bu günlərdə The New York Times nəşrin çox maraqlı bir məqaləsinin mövzusu məhz qızılla bağlı olub. Yazı müəllifi iddia edir ki, qızıl bəşəriyyətin inkişafının əsasında duran elementdir.
Məsələ ondadır ki, qızıl ən yeni texnologiyaların da əsasında dayanan bir elementə çevrilib. Kosmosun fəthindən tutmuş bərpa olunan enerji istehsalına qədər bir çox sahələrdə, eləcə də, maliyyə-bank sektorunda qızıl vazjəkeçilməz qiymətli metaldır. Eyni zananda məişətdə bəzək əşyaları kimi, həmçinin yığım vasitəsi olaraq istifadə edilir. Xüsusilə Şərqdə bu, cəmiyyətdə üstün statusun xüsusi vurğulanmasına da kömək edir.
Bəs qızılı kim daha çox ixrac edir? Artan qiymətlətdən kim daha çox qazanır? Bu ölkələr arasında Azərbaycan da varmı?
Beynəlxalq statistika göstərir ki, 2024-cü ildə bütün dünya üzrə qızıl ixracının ümumi dəyəri 586 milyard 19 milyon ABŞ dolları məblığinə çatıb. Bu da 2023-cü ilə nisbətən 14,2 faiz çoxdur. 2025-ci ilin birinci rübündə isə dünya üzrə qızıl ixracı 142 milyard 564 milyon ABŞ dollarına bərabər olub. Proqnozlar göstərir ki, bu il dünya ticarətində qızıl ixracının həcmi əvvəlki ili xeyli üstələyəcək.
Dünya bazarında həm qızılın ixrac həcminin, həm də satış qiymətinin artması bu əlvan metala tələbatın daha da çoxalmasından xəbər verir. Deməli, qızıl əsrlərdən bəri olduğu kimi, yenə də ən sərfəli əmtəə, etibarlı yığım və gəlirli yatırım vasitəsidir.
Bu üzdən son on ildə qızıl ixracı da yüksək artım dinamikası göstərib. Həmin statistikanı illər üzrə təqdim edirik:
2014-ci il - 312,56 milyard dollar;
2015-ci il -308,26 milyard dollar;
2016-cı il -328,03 milyard dollar;
2017-ci il - 318,29 milyard dollar;
2018-ci il -300,81 milyard dollar;
2019-cu il -303,55 milyard dollar;
2020-ci il - 412,01 milyard dollar;
2021-ci il - 409,58 milyard dollar;
2022-ci il - 462,98 milyard dollar;
2023-cü il - 513,50 milyard dollar;
2024-cü il - 586,19 milyard dollar.
Göründüyü kimi, dünya qızıl bazarında işlər ildən-ilə yüksələn xətlə gedib. Dünyanın ən çox qızıl ixrac edən ölkələrinə gəlincə, onlar Avropa qitəsindədir. Dünya bazarına çıxarılan qızılın 38,8 faizi Qoca Qitənin, 35,2 faizi Asiya qitəsinin payına düşür. Ən böyük qızıl ehtiyatlarıba sahib olan Afrikadan ixrac isə cəmi 5 faizdir. Şumali Amerika 11,1 faiz, Mərkəzi və Cənubi Amerika Karib hövzəsi ölkələri ilə birlikdə 5,2 faizlik ixrac payına malikdir. Okeaniya isə 4,6 faizlik bir ixrac həcminə sahibdir.
Bu da 21-ci əsrdə "xammal imperializmi" adlandıracağımız modern müstəmləkəçiliyin davam etdiyini göstərir.
2024-2025-ci illərin göstəricilərinə görə, İsveçrə, Böyük Britaniya, Honkonq, Kanada və ABŞ ən böyük qızıl ixracatçılarıdır. 10 dövlət qızılın dünya üzrə ixracının 60 faizinə sahibdir.
Bu bazarda İsveçrənin payı 116 milyard 35 milyon ABŞ dolları və ya ümumi ixracatın 19,8 faizi, Böyük Britaniyanın payı 65 milyd 92 milyon və ya 11,2 faizdir. Honkonq 56 milyard 56 milyon dollarlıq həcmlə üçüncü (9,6 faiz), Birləşmiş Ərəb Əmirlikləri 53,41 milyard dollarlıq ixracla dördüncüdür. 2024-2025-ci illərdə ABŞ 5,1 faiz həcmində (29,67 milyard dollarlıq) qızıl sata bilib. Kanada isə 4,8 faizlik-27,98 milyard dollarlıq qızıl ixracı ilə kifayətlənməli olub. Bu rəqəm Avstraloyada 23,55 milyard dollar (4 faiz), Yaponiyada 17,85 milyard dollar (3 faiz), Sinqapurda 17,38 milyard dollar (3 faiz), Almaniyada 15,01 milyard dollar (2,6 faiz) olub.
Azərbaycana gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmiz 2024-cü ildə 212 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu da əvvəlki ilə nisbətdə 30 faiz çox olub. Bunun 211 milyon 76 min dollar dəyərundə olan əsas hissəsi (4270 kiloqram) İsveçrəyə satılıb. Həmçinin Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan 150 min ABŞ dolları dəyərində 2 kiloqram (bir il əvvəl tədarük olmayıb) qızıl alıb. Eyni zamanda Azərbaycana 2024-cü ildə 3 milyard 313 milyon ABŞ dolları dəyərində qızıl idxal olunub. Deməli, Azərbaycan qızılda da idxaldan asılı ölkədir.
Orxan, Bizimyol.info