Azərbaycanda vətəndaşlar zəhərlənməkdə davam edəcək - ŞOK PROQNOZ
20-05-2016, 12:34
Ona görə ki, maraqlar konflikti var. Sertifikat verən orqanla əhalinin sağlamlığı keşiyində duran orqan bir əldədir.
Bu ilin 4 ayı ərzində Azərbaycanda 182 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 222 nəfər zərər çəkib.
Yanvar-aprel ayları ərzində ölkədə 22 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 27 nəfər zərər çəkib. Cari ilin aprel ayında isə 39 qida zəhərlənməsi hadisəsi nəticəsində 49 nəfər zəhərlənib. 3 botulizm hadisəsi nəticəsində eyni sayda zəhərlənmə qeydə alınıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sputnik”ə açıqlamasında bildirib ki, real göstəricilər bu rəqəmlərdən “250 dəfə” çoxdur:
“Azərbaycanda statistikada qida zəhərlənməsi ümumdünya göstəricisindən 250 dəfə az göstərilir. O cümlədən, sizə deyilən rəqəm çox kiçikdir. Məsələn, ABŞ əhalisi 318 milyon nəfərdir, bir ildə 76 milyon qida zəhərlənməsi olur. Yəni hər 100 min əhaliyə 26 min zəhərlənmə düşür. Fransanın əhalisi 64 milyon nəfərdir, bir ildə 750 min qida zəhərlənməsi olur. Daha doğrusu, 100 min əhaliyə 1210 qida zəhərlənməsi düşür”.
Bəs Azərbaycanda bu rəqəmlər nə üçün belə az göstərilir? Eyyub Hüseynovun fikrincə, bunun səbəbi zəhərlənən insanın birbaşa Səhiyyə Nazirliyinin orqanlarına müraciət etməsidir: “Təcili yardıma zəng vuran kimi həkimlər gəlir və xəstəni xilas etmək üçün mədəsini yuyurlar. Mədə yuyulan kimi artıq fakt itir. Normal bir həkim olsa, nümunə götürüb zəhərlənməyə səbəb olan məhsulu müəyyən edər. Lakin müəyyən olunan məhsulun sahibi də Səhiyyə Nazirliyinin verdiyi sertifikatı göstərəcək ki, məhsulun təhlükəsizliyinə nazirlik cavabdehdir”.
Ekspertin sözlərinə görə, nə qədər ki maraqlar konflikti var, Azərbaycan vətəndaşlarının zəhərlənməsi davam edəcək:
“Maraqlar konflikti var. Sertifikat verən orqanla əhalinin sağlamlığı keşiyində duran orqan bir əldədir. Ona görə də, səhiyyə nazirliyinin bütün işçiləri – böyük həkim ordusu qida zəhərlənməsini gizlədir. Nə qədər ki, sertifikat verən orqan müstəqil deyil və səhiyyə nazirinin əlindədir, maraqlar konflikti var, Azərbaycan vətəndaşlarının zəhərlənməsi davam edəcək. Bunun da açıq nümunəsi Azərbaycanda olan apteklər şəbəkəsidir. Dünya ölkələrindən təxminən 20 dəfə çoxdur apteklər şəbəkəsi”.
Qida zəhərlənmələrinin 99% ciddi nəticələrə səbəb olmur və bir-iki gün ərzində keçib gedir. Lakin təcrübə göstərir ki, onlarla zəhərlənmə hadisəsi bizim yolumuzu xəstəxanadan sala və ölümlə nəticələnə bilər. Terapevt həkim Elfanə Süleymanova “Sputnik”ə açıqlamasında bildirib ki, əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmamasıdır: “Zəhərlənməyə istehsal tarixi ötmüş malların qəbulu, onların düzgün saxlanılmaması, düzgün bişirilməməsi, həmçinin, “fast food”, müəyyən ət məhsulları, dönər kimi qidaların qəbulu səbəb olur”.
Həkim “Zəhərlənmə müşahidə olunarkən ilkin yardım kimi nə etmək lazımdır” sualına isə belə cavab verib: “Mədə-bağırsağı yumaq lazımdır (çoxlu miqdarda sodalı ya marqanslı su içmək), bağırsağı təmizləyici imalə etmək, əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib, onu 1stəkan suya qatıb içmək lazımdır. Məsələn, sizin çəkiniz 70 kq.-dırsa, 7 dərmanı əzib suda içmək vacibdir. Bunu içməklə toksinlərin qana keçməsinin qarşısı alınır. Zəhərlənmənin inkişafının qarşısı alınır”. Ekspert bildirib ki, əgər zəhərlənmə artıq inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil, çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi, xəstə infeksion toksiki şok keçirə bilər və s.(sputnik)