Əli İnsanov azadlığa buraxılır? - Açıqlama
20-05-2016, 12:40
Bu gün Milli Məclisin müzakirəsinə çıxarılacaq Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın amnistiya təşəbbüsünün qəbul olunacağına inam böyükdür. Bunun fonunda həbsdəki siyasi məhbuslardan cəzaları amnistiya aktı ilə üst-üstə düşənlərin kimliyi maraq doğurur.
Ən çox müzakirə obyektinə çevrilən şəxslər sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədovdur. Bu siyasilərin amnistiya öncəsi ən çox gündəmə gəlmələrinə səbəb keçmiş nazirə verilən 11 illik həbs cəzasının artıq 5 ayının qalması və REAL sədri ilə bağlı gedən proseslər, Avropadan onun azadlığı ilə bağlı Azərbaycana edilən təzyiqlərdir. Hər iki şəxsin amnistiyaya düşüb-düşməyəcəkləri ilə bağlı da müəmmalar da var.
Tanınmış hüquqşünas Müzəffər Baxış yaranan müəmmalarla bağlı tərəddüdlü danışdı: "Mətbuatda amnistiyanın kimlərə tətbiq olunacağı ilə bağlı gedən məlumatı oxudum. Məlumatdan bu qənaətə gəlmək olar ki, Əli İnsanova bu qərar şamil oluna bilər. Amma məlumatın içərisində mötərizədə amnistiyaya tətbiq olunan məhdudiyyətlərdən söhbət gedir. Bu məhdudiyyəti biz bilmirik. Çünki mətbuatda gedən xəbərdə bəzi səhvlər, yaxud getməyən hissələr də ola bilər. Qeyd olunur ki, cəzasının 6 ayı qalan məhbuslara tətbiq olunacaq. Amnistiyada ərizə vermək də var. İnsanovun bu ərizəni verib-verməyəcəyini bilmirəm. Layihə ilə yaxından tanış deyiləm. Amnistiya elə bir aktdır ki, bir bənd digərinə uyğun gəlməyə bilər. İyunun 15-də qərarın qüvvəyə minəcəyi deyilir. Son illərdə Mehriban xanımın irəli sürdüyü amnistiya təşəbbüsləri barələrində məhkəmə hökmü qüvvəyə minən şəxslərə şamil olunur. Tam layihəni oxumadan şərh vermək çox çətindir. Əvvəlki amnistiyada cəzanın qalan hissəsi bir il nəzərdə tutulurdusa, indi bu, 6 aya endirilib. Əgər Əli İnsanovun cəzası 5 ay qalırsa, o, amnistiyanın təsiri altına düşür. Əgər orada törətdiyi cinayət əməlinin ağırlığından asılı olmayaraq, 6 ay həbs cəzası qalan şəxslərə şamil olunma varsa, o zaman İnsanov düşəcək. Amnistiyada məhdudiyyətlərdən biri odur ki, böyük cinayət törətməyən şəxslərə şamil olunur”.
Hüquqşünas REAL sədrinin amnistiyaya birmənalı şəkildə düşməyəcəyini qeyd etdi: "İlqar müəllim ağır cinayətə görə ittiham olunub. Amnistiya ağır cinayətlərdə ittiham olunan şəxslərə tətbiq edilmir. Böyük cinayət əməli olmayan şəxslər bu qərarla azad olunurlar”.
Musavat.com