Azərbaycanda pivə bahalaşacaq - istehsalçılar narazılıq edir
20-05-2016, 16:42
Pivə istehsalçısı suyun bahalaşmasından narazıdır. Xəbər verdiyimiz kimi, Tarif Şurasının 13 may 2016-cı il tarixli qərarı ilə sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kubmetr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8,0 manat təsdiq edilib. Bu qəraradək xammal 1 kub metr xammal su üçün 12 manat ödənilirdi. İlk baxşıdan tarif aşağı salınmış kimi görünür. Amma əslində elə deyil. Belə ki, əvvəlki qərarda, “suyun istifadə təyinatından asılı olmayaraq” ifadəsi yox idi.
Tarif Şurasının yeni qərarı pivə, spirtli və spirtsiz içkilər istehsalı müəssisələrini iflic vəziyyətinə sala bilər.
“Bakı-Praqa” pivə zavodunun direktoru Camal Naibov "Marja"ya bildirib ki, 16 May 2016-cı il tarixinədək məhsulun tərkibində xammal kimi istifadə olunan suyun 1 kubmetri üçün 12 manat, digər su üçün isə qeyri-əhali qrupu olaraq 1 manat ödəmə ediblər. Yeni qərardan sonra “Azərsu” bildirib ki, 16 May 2016-cı il tarixindən fərq ortadan qalxır, hər iki suyun 1 kubmetri üçün 8 manat ödənilməlidir: "“Azərsu”, məhsulun tərkibində istifadə etdiyimiz su üçün bir sayğac, texnoloji tələblərə görə istifadə olunan və zavodun digər ehtiyacları üçün tələb olunan su üçün ayrı bir sayğac quraşdırmışdı. Məhsulun tərkibində istifadə etdiyimiz suyun 1 kub metriüçün 12 manat, digər istifadə etdiyimiz suyun 1 kubmetri üçün 1 manat ödəyirdik. Bu gün isə hər iki suyun 1 kubmetri üçün 8 manat ödənilməlidir. Bu pivə sənayesi üçün çox yüksək qiymətdir. Belə ki, 1 litr pivənin istehsalı üçün minimum 5 litr su tələb olunur. Bu suyun cəmi 1 litrə yaxını xammal kimi istifadə olunur, qalan 4 litr su soyutma, yuma və s. kimi istehsal proseslərində işlədilir. İndi biz, bu 1 litrdən başqa, 4 litr suyun da hər bir kub metrində görə 8 manat ödəməliyik. Axı bu su xammal kimi istifadə olunmur?
Bundan başqa, zavodun ərazisində işçilərin əl-üzünü yuması, yuyunması, ağacların sulanması üçün də istifadə edəcəyimiz 1 kubmetr su üçün 8 manat ödəməliyik. Zavodun girəcəyində bir sayğac quraşdırılır, həmin sayğacdan keçən suyun hər kubmetrinə görə 8 manat alınacaqdır”.
“SU XƏRCİMİZ 2,5 DƏFƏ ARTIR”
Camal Naibov qeyd edib ki, faktiki olaraq müəssisə üçün suyun alış qiyməti 2,5 dəfə artır: “Gündəlik 5 ton pivə istehsalı üçün ən azı 25 ton su tələb olunur. Əvvəllər 25 ton suyun 5 tonu üçün 12 manatdan 60 manat, qalan 20 tonu üçün 1 manatdan 20 manat olmaqla, cəmi 80 manat ödəniş edirdik. Bu gün isə 25 ton su üçün 200 manat ödəniş etməliyik. Su xərcimiz 2,5 dəfə artır”.
“Bakı-Praqa”nın rəhbəri bildirib ki, çıxış yolu müəssisələrdə ayrı-ayrı sayğacların quraşdırılmasıdır. Xammal xaric istifadə edilən suyun kubmetrinə görə 1 manat ödəniş edə bilərlər. Əks halda, pivə istehsalçıları yüksək qiymətlərdən böyük zərbə alacaqlar. Suya görə artan xərcləri təmin etmək üçün məhsulun qiyməti 30% artırılmalıdır, lakin bu da indiki dövrdə satışların daha da aşağı düşməsinə səbəb ola bilər: “Devalvasiyalardan sonra pivəyə təlabat 15-20% azalıb. Qiyməti 30% artırsaq, satış daha da aşağı düşəcəkdir. Spirtli içkinin öz istehlakçısı var, həmçinin müəssisəmiz vergi ödəyicisidir, burada 60-dək insan çalışır. Bunları da nəzərə alamaq lazımdır”.
Sahibkar əlavə edib ki, yay aylarında gündəlik istehsal 10 tonadək çıxır və suya təlabat daha da artır.
NAZİRLİYƏ DAHA BİR SEKTORDAN MÜRACİƏT OLACAQ
Camal Naibov bildirib ki, “Bakı-Praqa” və “Baltika - Bakı” daxil 10-na yaxın içkilər istehsalçısı İqtisadiyyat Nazirliyinə və “Azərsu” ASC-yə müraciət etməyə hazırlaşır.
"Bakı-Praqa" MMC 2009-cu ilin mart ayında yaradılıb. Mini pivə zavodu seqmentində Avropanın ən öndə gedən şirkətlərindən biri olan “Destila” şirkəti ilə razılaşmaya uyğun olaraq 2010-cu ilin iyunundan etibarən çex texnologiyası və reseptləri əsasında "Starapraga" əmtəə nişanı ilə müxtəlif çeşiddə pivə istehsal edir. Qısa vaxt ərzində bir çox pivə həvəskarlarının diqqətini çəkərək şirkətin uğur qazanmasının təməlini yaradıb.