Qanmadığınız işlər haqqında susun! - Gülər Əhmədova
21-05-2016, 23:52
Sabiq deputat, daha sonra həbs edilən və azadlığa buraxılan Gülər Əhmədova son günlər amnistiya altı ilə bağlı müzakirələrə qoşulub.
Sabiq deputat amnistiya aktı nəticəsində 3000-dən çox məhkumun azadlığa buraxılacağını narazılıqla qarşılayanlara cavab verib. Gülər Əhmədova sosial şəbəkədə yazıb ki, bəziləri amnistiya aktını “işsiz-gücsüz, ac insanların azadlığa buraxılması” kimi şərh edənlərə etiraz edib.
“Yazırlar: “İşsiz-gücsüz insanları buraxacaqlar Azərbaycana ki, gedin adam öldürün, oğurluq edin. Düşünən yoxdir ki, Azərbaycanda azadlığa çıxan 3000 adam üçün iş yerləri varmı?”. Mən isə həbs görmüş, ailəsinə qovuşacağı günü gözləyən bütün qadın və kişilərin adından yazıram. Sizə ayıb olsun! Bilmədiyiniz, qanmadığınız işlər haqqında susun! Həbsdə olanları çoxu sizdən yaxşı və cəmiyyət üçün daha xeyirli adamlardır. Əlbəttə, istərdim yazam ki, “Sizə də qismət olsun!”. Yazmıram. Çünki, bu imtahanı verə bilməzsiniz, boş-boş danışırsınız. Ağıllı olun!”.
Qeyd edək ki, ötən gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib.
Amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunacaqlar. 10 minə yaxın şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək.