Məşhur iş adamı intihar etdi, yoxsa? - Yeni faktlar
23-05-2016, 20:53
Xəbər verdiyimiz kimi, Bakıda intihar hadisəsi qeydə alınıb. Mətbuatda yayılan məlumatlara görə, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Neymətulla küçəsi ev 79 mənzil 48 ünvanında ov tüfəngi ilə özünə atəş açaraq intihar edib. S.Hacıyev hadisə yerində keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.
Mərhumun ailə üzvləri AzVision.az-a bildiriblər ki, Söhbət Hacıyevin intihar etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. O, silahla ehtiyatsız davrandığından hadisə baş verib:
“Söhbət müəllim ovla məşğul olurdu. Boş vaxtlarında dostları ilə birlikdə ov etmək üçün doğma rayonu olan Qusara gedirdi. Ötən şənbə günü də dostlarına zəng edərək ova gələcəyini deyib. Həmin gün o, evdə ov üçün hazırlıq görürmüş. Tüfəngini təmizləyən zaman ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman ailə üzvləri evdə olublar. O, xəstəxanaya aparılsa da. həyatını xilas etmək mümkün olmayıb”.
Qohumlarının bildirdiyinə görə, Söhbət Hacıyevin intihar etməsi üçün ciddi problemi olmayıb.
“Söhrab müəllim intihar etməyib. Onun normal ailəsi, işi var idi. Heç kimə də borcu olmayıb. Problemi olmayan insan niyə intihar etsin ki? Hadisə ehtiyatsızlıqdan baş verib. Onun 3 övladı var. Balaca oğlu 12 yaşındadır. Qızı ailəlidir, nəvəsi var. O, tikinti şirkətinin rəhbəri olsa da, çox sadə insan idi. Şirkəti öz zəhməti, alın təri ilə qurmuşdu. Heç bir vəzifəli adamla qohumluğu yoxdur. Sadəcə ovu sevirdi. Ona görə də başına belə hadisə gəldi”,-deyə iş adamının qohumları bildirib.