50 minlik beh qalmaqalı - Qadın sahibkar saxlanıldı

26-05-2016, 18:08           

Dələduzluqda ittiham olunan sahibkar Mehparə Məmmədova saxlanılıb.

Bu barədə vəkili Cavid Rzazadə “Qafqazinfo”ya müraciət edərək məlumat verib. O deyib ki, saxlanılma zamanı ona 41-ci Polis Bölməsinin əməliyyatçıları tərəfindən fiziki təzyiq olunub: “Fəyyaz Məmmədov müdafiə etdiyim Mehparə Məmmədovaya məxsus Badamdar qəsəbəsində yerləşən klinikanı almaq üçün ona 50 min manat beh verib. Sonra isə pulun qalanını ödəyə bilməyib. Behin qarşı tərəfin günahı ucbatından pozulmasına görə geri qaytarılması yoxdur. Bizim fevral ayında Mingəçevir şəhər məhkəməsində iddia qaldırdıq. Aprelin 26-da məhkəmə iclasında iştirak edək Fəyyaz Məmməd iddianın tam əsaslı olduğunu görüb, prosesin mayın 23-nə təxirə salınmasını istədi və hakim razılaşdı. Növbəti iclasa qatılanda işin materialları içində Fəyyaz Məmmədov tərəfindən verilən vəsatətlə tanış olarkən, müdafiə etdiyim Mehparə Məmmədova barəsində müstəntiq Vüqar Tağıyevin 11 may qərarı axtarış elan olunduğunu gördüm. Məhkəmə bizim xeyrimizə qətnamə çıxardı və qeyd olundu ki, 50 min manat Mehparə Məmmədovada qalsın, Fəyyaz Məmmədovdan 4 min manat tutulub ona ödənilsin.

Bundan sonra müstəntiqə teleqram vurub bildirdik ki, nə zaman çağırsanız gələcəyik. Dünən Daxili İşlər Nazirliyinə gedib Vüqar Tağıyevlə əlaqə saxlamaq cəhdlərimiz də alınmadı, sonradan müstəntiq bizə sabah gəlməyimizi dedi. Bu gün günorta təkrar nazirlikdə olduq, əməliyyatçılar bizi 41-ci Polis Bölməsinə gətirdilər. Orada mənə dedilər ki, sən çıx get. Mən də bildirdim ki, əgər tutmusunuzsa, protokol tərtib edin, imzalayıb gedim. Bundan sonra Elnur və Tərlan adlı polislər məni təhqir edib fiziki təzyiq edərək zorla bölmənin binasından çölə çıxartdılar. Mehparə Məmmədova protokol tərtib olunmadan saxlanılıb və hazırda Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasına aparılır. Bununla bağlı Ombudsman Aparatına, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət etmişik”.

Vəkil qeyd edib ki, müstəntiq Vüqar Tağıyev axtarış barədə qərar verdiyi gün təxminən 10 dəqiqə Mehparə Məmmədova ilə telefonla danışıb, ona axtarış barəsində heç nə deməyib: “Biz yalnız bunu mayın 23-də Fəyyaz Məmmədovun vəsatətində görüb bilmişik. Cinayət işi açıldan sonra da Mehparə Məmmədova 2 dəfə dindirilib”.

Qeyd edək ki, Fəyyaz Məmmədov Daxili İşlər Nazirliyinə müraciət edərək Mehparə Məmmədovanın ondan dələduzluq yolu ilə 50 min manat alıb mənimsədiyini bildirib. F.Məmmədovun müraciəti əsasında dekabrın 30-da Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.