Məhkəmədə vəkildən iddia: - "Binəqədidəki binanın yanmasına müdaxilə edilib"

29-06-2016, 01:41           
Məhkəmədə vəkildən iddia: - "Binəqədidəki binanın yanmasına müdaxilə edilib"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə vəsatətlərlə çıxış edən vəkil İlhamə Həsənova müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması, cinayət təqibinə xitam verilməsini istəyib.

Digər vəkil Cavid Rzazadə isə çıxışında ibtidai istintaq zamanı iş materialları ilə tanış ola bilmədiyi üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını və müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Vəkil İ.Həsənova bildirib ki, yanan binanın üzləndiyi materialdan bütün dünyada istifadə olunur: "Onu bizim müdafiə etdiyimiz şəxslər kəşf etməyib. Həmin material çətin yanan materialdır. Şirkətlərin digər təsisçiləri azadlıqda olsalar da, Yusif Mahmudov həbs edilib. İstintaq düzgün aparılmayıb".

Vəkil binanın üzlənməsi barədə sifarişin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verildiyini deyib: "Biz Qazaxıstanda da ekspertiza keçirmişik. Həmin üzlük çətin yanan materialdandır. O bina 27 saniyə içərisində yanıb. Ona kimsə müdaxilə edib. Bu məsələ araşdırılmalıdır".

İclasda çıxış edən Y.Mahmudov isə bildirib ki, öz yaşadığı evi, ofisini də həmin materialla üzləyiblər.

Proses iyunun 29-da davam etdiriləcək.

İttiham aktına görə, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.