Arif Alışanov köməkçisi Fərman Orucovu "İdman Azərbaycan"- a direktor təyin etdi - AZTV-də təyinat
22-05-2015, 13:16
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Arif Alışanov öz köməkçisi Fərman Orucovu "İdman Azərbaycan" Televiziyasının direktoru təyin edib.
Modern.az xəbər verir ki, bu haqda məlumatı AzTV-dəki mənbə AzNews.az-a bildirib.
Qeyd edək ki, Fərman Orucov AzTV-də uzun müddətdir çalışır. O, əvvəlki sədr Babək Hüseynoğlunun dövründən başlayaraq sədrin köməkçisi vəzifəsində işləyib.
Xatırladaq ki, Fərman Orucov Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər təşkilatının idarə heyətinin və Şurasının üzvüdür. O, 2011-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Digər bir dəyişiklik tanınmış telejurnalist Etibar Babayevlə bağlıdır. O, AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılıb.
Məlumata görə, həmin vəzifəyə may ayının 5-də Prezident İlham Əliyevin sərəncamı ilə AzTV-nin sədr müavini vəzifəsindən çıxarılan Faiq Hüsiyev təyin edilib.
Qeyd edək ki, mayın 5-də işdən çıxarılan AzTV sədrinin radio üzrə keçmiş müavini Cavanşir Cahangirovun da yenidən AzTV-yə hansısa vəzifəyə qayıdacağı gözlənilir. Ancaq bu informasiya hələ öz təsdiqini tapmayıb.