Sevdiyi qızı qaçıran gənc və dostlarına gözlənilməz cəza - 45 İL
26-05-2015, 17:16
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qız qaçırmaqda təqsirli bilinən Vahib Zülfüqarov, Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Vahib Zülfüqarov 12 il, Elbəy Qədirov və Amlet Xankişiyev 11 il, Niyal Tağıyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, məhkəmə istintaqı dövründə Vahib Zülfüqarov ifadəsində özünü qismən təqsirli bilib. “Mən qızı 1-ci sinifdən sevirəm. İki dəfə elçi göndərmişəm. Amma qızı valideynləri vermədilər. İndiyə qədər qızla heç bir söhbətim olmayıb. Cəmi 1 dəfə qıza məktub yazmışam. Həmin vaxt qonşuları məktubu çatdırmadı. 2-ci dəfə "yox" cavabı alandan sonra belə qənaətə gəldim ki, qızı qaçırım. Evdə valideynlərimə də dedim bu barədə. Onlar dedilər ki, qızın razılığı varsa, qaçırmağıma bir söz demirlər. Sonra məsələni dostlarım Niyal, Amlet və Elbəylə danışdım. Onlara yalandan dedim ki, qız razıdır. Məktublaşırıq, valideynləri vermir. Bir neçə dəfə cəhd elədim ki, qızı qaçıram. Amma alınmadı. Qızı qaçıran gün həyətə girdim. Dostlarım Elbəylə Niyal evə girdi. Qızı onlar evdən çıxardılar. Mən isə ərazini güdürdüm. Dostlarım maşınla qızı birinci qışlağa, ordan da bacımgilə gətirdilər. Mən yolda onlara qoşuldum. Qız bacımgildə çox səs-küy saldı. Evdəkilər də nə qədər etdilər, qızı razı sala bilmədilər. Məcbur qaldıq, apardıq evlərinə qoyduq. Mən o qızı çox sevirəm, dostlarımı aldatdığıma görə peşmanam. Yoxsa, ölənə qədər o qızdan əl çəkən deyiləm. Burdan çıxım yenə qaçıraram”.
Qeyd edək ki, keçən il Qobustan rayonunda Vahib Zülfüqarov sevdiyi qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə dəstə yaradıb. Dəstə üzvləri zorla Vahib Zülfüqarovun sevdiyi qızı qaçırıblar. Qızın valideynləri Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında dəstə üzvləri həbs edilib.