“50 qəpik” avtoyumasında faciə: 13 yaşlı oğlan öldü
24-08-2024, 09:34
Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən "50 qəpik" avtoyuma məntəqəsində dəhşətli hadisə baş verib.
TEREF publika.az-a istinadən xəbər verir ki, dostu ilə birgə avtoyuma məntəqəsinə velosipedini yumağa gedən 2010-cu il təvəllüdlü Rəşad Babayevi cərəyan vurub.
Nəticədə yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb. Obyektin sahibi təqsirləndirilən şəxs qismində cəlb edilib.
Araşdırmalar zamanı məlum olub ki, 13 yaşlı oğlan dostu ilə su borusunu dartarkən onu cərəyan vurub.
Yeniyetmənin dostu hadisəni belə təsvir edib:
"Rəşadı əvvəllər tanımırdım, Hövsanda yaşamırdı, bir neçə gün idi ki, babasıgilə qonaq gəlmişdi, arabir küçəyə çıxıb bizimlə oynayırdı. Mən bəzən öz velosipedimi yumaq üçün evimizdən bir qədər kənarda yerləşən "50 qəpik" deyilən avtoyuma məntəqəsinə gedirdim. Həmin gün günorta saatlarında velosipedi yumaq üçün evdən çıxan zaman Rəşadla görüşdüm, hara getdiyimi soruşdu, velosiped yumağa getdiyimi dedim. Rəşad da getmək istədiyini dedi, birlikdə ora getdik. 50 qəpik pulu aparata atıb velosipedi özüm yuyan zaman Rəşad mənim əlimdən təzyiq şlanqını alaraq velosipedi özü yumaq istədi. Lakin imtina edərək velosipedi özüm yuyacağımı dedim. İkinci dəfə isə Rəşad şlanqı əlimdən aldı, velosipedi yumaq istəyərkən artıq onu elektrik cərəyanı vurdu. Mən şlanqın plastmas yerindən tutduğum üçün məni cərəyan vurmadı. Lakin Rəşad şlanqın plastik yerindən deyil, dəmir hissəsindən yapışdığı üçün onu "tok" vurdu. Rəşad həmin vaxt yerə yıxıldı və tanımadığım adam bizi görərək köməyə gəldi, Rəşadın yanında olan həmin su təzyiqi şlanqını ayağı ilə kənara vurub itələdi. Mən isə qaçaraq Rəşadın anasına hadisə barədə məlumat verdim".
Suraxanı rayon Məhkəməsinin hökmü ilə obyektin sahibi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə təqsirli bilinib. O, qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 2 il müddətə islah işləri növündə cəzaya məhkum edilib.