Uçqun altından bir körpə sağ çıxarıldı – İcra başçısı hadisə yerinə gedir

23-02-2017, 16:04           
Uçqun altından bir körpə sağ çıxarıldı – İcra başçısı hadisə yerinə gedir
Lerik rayonunda qar uçqunu zamanı ölənlərin meytləri çıxarılıb.
Bu barədə BakiPost.az-a Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.
O bildirib ki, qar yığını kənd sakini Əhliman Mustafayevə məxsus evin üzərinə düşüb: “Qar uçqunun altından 4 meyit, 1 nəfər isə sağ olaraq çıxarılıb. Onlardan ikisi qadın, ikisi isə az yaşlı uşaqlardır. Ölənlər ev sahibi Əhliman Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsidir. 3-cü nəvəsi isə sağ çıxarılıb”.
Habil Məlikov havanın pis olması səbəbindən rayonun bütün rəhbər şəxlərinin hələ də kəndə gedib çata bilmədiklərini qeyd edib: “Hazırda yoldayıq. Kəndə getmək çətindir. Rayonun bütün rəhbər şəxsləri hadisə yerinə gedir. Rayon icra başçısı Rövşən Bağırov da hazırda yoldadır.
Ümumiyyətlə, Orat kəndi Lerikin İranla sərhəddə yerləşən ən ucqar kəndidir. Hazırda Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar yolların təmizlənməsi və bizim həmin əraziyə getməyimiz üçün müəyyən işlər aparır”.
Qurum rəsmisi onu da əlavə edib ki, kəndə çatdıqdan sonra meyitlərin dəfni ilə məşğul olacaqlar.
Qeyd edək ki, Orat kəndi dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir.
Onu da bildirək ki, bu gün Lerik rayonunda qar uçqunu olub. Nəticədə bir ailənin 4 üzvü ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.