Yerevanda müştəri bank rəhbərinə başından xəsarət yetirib
3-06-2017, 08:16
Ermənistanın paytaxtı Yerevanda "Ameribank"ın filial rəhbəri müştəri tərəfindən xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb. Məlumata görə, hadisə Komitas küçəsində qeydə alınıb. Belə ki, adı açıqlanmayan şəxs bankdan atasının adına olan kartı götürmək istədikdə əməkdaşlar bundan imtina edərək bildiriblər ki, kartı almaq üçün müştəri özü banka gəlməlidir. Nəticədə gənclə bank işçiləri arasında mübahisə yaranıb. Müştəri bankın işçilərini "söhbət"i binanın xaricində davam etdirməyə dəvət edib və məsələ əlbəyaxa davaya qədər gəlib çatıb. Qarşıdurma zamanı müştəri bankın filial rəhbərini tapança ilə hədələyib və bundan sonra onun başına zərbə endirib. Bankın nümayəndələri hüquq-mühafizə orqanlarına müraciət ediblər və o zərərsizləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.