Deputatlığa namizədin nümayəndəsi imza vərəqələrini yandırdı - Belə də olurmuş...
29-09-2015, 00:58
Deputatlığa namizəd olan şəxsin başına gələn “dramatik” hadisə Bakı şəhərinin Binəqədi rayonunda baş verib.
Sentyabrın 25-də Binəqədi rayon 5-ci polis bölməsinə 1988-ci il təvəllüdlü İbrahimov Ağasif Şakir oğlu müraciət edib.
O, Binəqədi rayon 8-ci seçki dairəsindən Milli Məclisin deputatlığına namizədliyini irəli sürməyi planlaşdırır.
Bu barədə vesti.az-a adıçəkilən polis bölməsindən bildiriblər.
İbrahimov bildirib ki, sentyabrın 25-də saat 21.00-da Ş.Məmmədova 11 ünvanında yerləşən Tennis akademiyasının zalı qarşısında onunla öz rəsmi nümayəndəsi, 1993-cü il təvəllüdlü Salmanov Nəsib Əlibala oğlu və Fuad adlı şəxs arasında mübahisə olub.
Məlum olub ki, Salmanov Fuad ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən sonuncu 25 manat müqabilində İbrahimovun deputatlığa namizədliyinə görə imza toplamağı boynuna götürüb.
Fuad öz öhdəçiliyini yerinə yetirib. Amma Salmanov 25 manatı ona ödəməyib. O zaman Fuad imzalanmış və doldurulmuş 300 vərəqi və imzalanmış 200 boş vərəqi yandırıb.
Binəqədi Rayon Polis idarəsində bildiriblər ki, İbrahimov Fuaddan şikayət etsə də sonuncuya cəza düşmür. Çünki heç kim, heç kim üçün havayı işləməyə məcbur deyil. Fuad öz əməyinin bəhrəsini məhv edib.
Beləliklə, İbrahimov özü üçün yenidən imza toplamalı olacaq. Əlbəttə, əgər vaxtı çatarsa.
Axı, namizədlərin imzaların təhvil verilməsi müddəti çərşənbə günü saat 18.00-da başa çatır.