Bakıda Mxitaryan provokasiyası: - Oyuna düşməyin!

29-05-2019, 18:36           
Bakıda Mxitaryan provokasiyası: - Oyuna düşməyin!
Mövsüm ərzində 57 oyun keçirmiş “Arsenal” klubunun heyətində cəmi 26 oyunda iştirak edən Henrix Mxitaryan bir anda bütün Britaniyanın “ən dəyərlisi”nə çevrildi. “İdman ictimaiyyəti” Mxitaryanın Bakıya buraxılıb-buraxılmamasını qlobal bir məsələyə çevirdi.

Yadınızdadırsa, 2015-ci il Avropa Liqasının qrup mərhələsində, Almaniyanın “Borussiya Dortmund” komandası ilə eyni qrupda mübarizə aparan “Qəbələ” ilə oyundan öncə də eyni problem ortaya çıxmışdı. Amma nədənsə, bu problem 2015-ci ildə dünya futbol ictimaiyyəti tərəfindən daha sakit və normal qarşılanmışdı və erməni futbolçunun Bakıya gəlib-gəlməməsi heç kim üçün maraqlı deyildi. Nəzərə alsaq ki, o mövsüm Henrix “Dortmund” klubunun ən önəmli 3 oyunçusundan biri hesab olunurdu və komandanın 10 nömrəsi idi, onda sual yaranır: 2015-ci ildə Mxitaryanın Bakıya buraxılmaması dünya futbol ictimaiyyəti üçün niyə bu qədər böyük əhəmiyyət kəsb etmirdi? İndi, “Arsenal”da daha çox ehtiyat oyunçular skamyasında oturan Mxitaryan niyə mataha mindi?

***

Finaldan bir gün öncə - yəni 28 May günü ingilis xəbər saytlarında bir video ortaya çıxdı. Azərbaycan polisi Bakı bulvarında Mxitaryan forması ilə gəzən bir “Arsenal” azarkeşini saxlayır və üst rütbəli şəxslərlə danışdıqdan sonra polis azarkeşi bir neçə saniyəlik yolundan etdiyinə görə üzr istəyərək buraxır.

İndi sizə sual verirəm: O formanı geyib-gəzən “azarkeşi” kimlər çəkirdi və bu çəkilişi dərhal ingilis kanallarına kimlər ötürdü? Azərbaycanın Respublika Günündə erməninin adı yazılan köynəyi geyinib, Bakının göbəyində klounluq etməyin anlamı nədir?

Nə düşünürdülər? Düşünürdülər ki, bir azərbaycanlı patriot əsəbiləşəcək və Bakı bulvarında Mxitaryan köynəyi geyən “azarkeş”dən var və yoxunun necəliyini soruşacaq? Və bu davanı ingilis kanalı dərhal tirajlayıb yaymaqla bizim necə vəhşi olduğumuzu sübut edəcək?

İddia etmirəm ki, provokasiya baş tutmadı: onlardan “Arsenal”ın bayrağını alıb, tərs tutaraq şəkil çəkdirənlər oldu və olmalıydı da. İndi də bu bayrağın neçə illik olduğu haqda xəbər yayırlar...

Onillik bayrağı niyə provokasiya aləti edirdiniz ki? Və ümumiyyətlə, doğrudanmı o bayraq onillikdir?..

***

Bu gün 23:00-da başlayacaq oyuna qədər “azarkeş” kimi ölkəmizə gələnlərdən kiminsə yeni provokasiya həyata keçirməyə cəhd etməyəcəyini kimsə deyə bilməz. Ona görə son dərəcə təmkinli olmalıyıq.

Bir daha təkrar edirəm: “Arsenal”-“Çelsi” oyununa ləzzətlə baxın, amma OYUNA düşməyin!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.