"Qarabağ" 6 qol vurdu, rekorda imza atdı (VİDEO)
15-02-2020, 18:21

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
Qaynarinfo xəbər verir ki, turun açılış matçında "Zirə" "Qarabağ"ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 4-cü dəqiqədə açılıb. Bədavi Hüseynov fərqlənib. 11-ci dəqiqədə Xayme Romero, 3 dəqiqə sonra isə Mahir Emreli fərqi artırıb. 28-ci dəqiqədə Ailton Silva meydan sahiblərini yenidən məyus edib. 61-ci dəqiqədə Abdullah Zubir görüşdə beşinci qolun müəllifi olub. 85-ci dəqiqədə Maqaye Qeye darmadağında pay sahibi olub.
Bu nəticədən sonra xallarının sayını 38-ə yüksəldən "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Zirə" 5-ci yerdədi.
Beləliklə, Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ən böyük hesablı qələbəsi qeydə alınıb. Daha öncə 3-cü turda "Qarabağ" səfərdə "Səbail"i, "Keşlə" isə "Qəbələ"ni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edir. Tura sabah keçiriləcək "Səbail" - "Qəbələ" və "Neftçi" - "Keşlə" oyunları ilə yekun vurulacaq.