Zərbə sarsıdıcı, travma ağırdır – İdman dünyası qaranlıqda

19-01-2021, 08:12           
Zərbə sarsıdıcı, travma ağırdır
Vəziyyət belə davam edərsə, fəsadların aradan qaldırılması uzun illər alacaq

Koronavirus (COVID-19) pandemiyası səbəbindən, ötən il idman sahəsi üçün uğursuz il oldu. Bir çox beynəlxalq yarışlar, hətta Tokio-2020 Olimpiya Oyunları 2021-ci ilə kimi təxirə salındı. Və pandemiya davam edir.

Maraqlıdır, 2021-ci il idman aləmində hansı dəyişikliklər olacaq? Pandemiya bu il idmana və idmançılara necə təsir göstərəcək? AYNA suallara cavab axtarıb.

Koronavirusun planeti əsir götürdüyünü xatırladan idman mütəxəssisi Tahir Süleymanovun sözlərinə görə, bu, digər sahələr kimi, idman aləmini də şikəst edib: “Fəsadların aradan qaldırılması uzun illər aparacaq. Ümid əsassız idi. Dünya sivilizasiyası o qədər arxayınlaşıb, allahsızlaşmışdı ki, qlobal nəyinsə baş verəcəyinə inanmırdı. Bir gözə görünməz virus qarşısında hər kəs aciz qaldı, gücsüzlüyünü dərk etdi”.

“Yeni ildə hələ heç nə aydın deyil, ikinci dalğa, qapanma daha sərtdir. Sadəcə, insanlar artıq psixoloji olaraq faciəni qəbul etmək məcburiyyətində qalıblar. Əvvəlki stress, təlaş, həyəcan yoxdur. Bəşər övladı öz taleyi ilə barışıb”, - həmsöhbətimiz bildirib.


Süleymanov müxtəlif peyvəndlərin hazırlındığına diqqət çəkib: “Həmin peyvəndlər artıq tətbiq edilir. Müsbət, mənfi effektini, fəsadlarını zaman göstərəcək. Belə durumda idman ikinci dərəcəyə keçib. Çox çətinliklə ayaqda durmağa çalışır. Əsas da bir nömrəli idman növü olan futbol. Nə qədər vəziyyətdən çıxılmağa çalışılsa da, UEFA yaş qrupları üzrə bir çox yığma yarışlarını ləğv edib. Ötən il təxirə salınmış Avropa çempionatının keçirilməsi yenidən sual altındadır. Durum yaxın 1-2 ayda düzəlməsə, format da dəyişilə bilər. Azarkeş məsələsi, ümumiyyətlə müzakirə mövzusu deyil”.


“Digər idman növlərində daha acınacaqlı durumdur. Olimpiada, dünya və Avropa çempionatlarının keçirilməsi sual altındadır. Yaxın aylarda vaksinasiya müsbət effekt versə, ümidlər artacaq, əks halda qapanma davam edəcək. Bu da artıq böyük zərbə almış dünya idmanına qarşısıalınmaz zərbələr vuracaq. Ümid edək ki, 2021-ci il geridönüş, uğurlu il olacaq”, - mütəxəssis vurğulayıb.


İdman yazarı Səbuhi Musayev də gedişatın pandemiyadan asılı olacağını düşünür: “Əsas məsələ 4 oyunu Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı və Tokio-2020 olimpiya oyunlarıdır. Ümumiyyətlə, hər şey pandemiyadan asılıdır. Pandemiya imkan verəcəksə, bu yarışlar keçiriləcək. Pandemiya imkan verməsə, bu idman yarışları keçirilməyəcək. İdman yarışları keçirilməsə, 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də idmandan danışmağa dəyməz”.

“Şəxsi fikrim odur ki, mart-aprel aylarından yoluxma sayının azalması müşahidə olunacaq və böyük idman yarışları keçiriləcək. Cüdo, güləş, bədii gimnastika yarışları pandemiya dövründə keçirilsə də, taekvando, karate, voleybol kimi idman yarışlarında durğunluq hökm sürdü. Ümid edirəm ki, pandemiya dövrü mart ayından sonra yumşalacaq, idman yarışları keçiriləcək, idman aləmində hər şey qaydasına düşəcək. Pandemiya bu il də davam etsə, idmançıların ruhdan düşməsinə, vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq”, - deyə Musayev əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.