Tokio-2020: Taekvondoçularımızdan biri qələbə qazandı, digəri uduzdu - YENİLƏNİB
26-07-2021, 07:50
Azərbaycanın daha bir taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib.
Rəqibinə 15:11 hesabı ilə qalib gələn Hərçəqani 1/4 finala yüksəlib. İlk raundda idmançılar xal qazana bilməyib. Azərbaycan təmsilçisi ikinci raundda 6:7 hesabı ilə uduzsa da, sonuncu raundda 9:4 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, digər taekvondoçu Fəridə Əzizova (67 kq) ilk görüşdə Peyc Makfersona (ABŞ) uduzub.
05:41 Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gəlib.
Əzizova rəqibinə 8:5 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb - 3:3.
Qeyd edək ki, Fəridə Əzizova Azərbaycan yığmasının bayraqdarlarından biridir.