“Azərbaycan “Tokio-2020”də 10-a yaxın medal qazana bilər”
26-07-2021, 12:21

“Tokio Yay Olimpiya Oyunları ilk dəfə olaraq pandemiya şəraitində keçiririlir, idmançılar rəqibləri ilə yanaşı, koronavirusla da mübarizə aparırlar”.
Bu sözləri Modern.az-a açıqlamasında idman şərhçisi Sənan Şəfizadə deyib. Onun sözlərinə görə, hər hansı idmançıda virus aşkarlanarsa, həmin idmançı finalda çıxış etməyəcək.
“Həmin idmançı ikinci yerlə kifayətlənməli olacaq. Bu mənada bir az çətin olacaq, amma idmançılarımıza inanıram. Əsas bizim üçün keyfiyyətdir. Bir və ya iki qızıl medal idmançılarımızdan gözləyirəm. Eyni zamanda gümüş və bürünc medalların da sayı çox ola bilər.
Güləş, cüdo və boks kimi digər döyüş növləri taekvondo və karatedə də Azərbaycan idmançılarına ümidlər böyükdür.
Güləşçilərimizdən Mariya Stadnikə, cüdoçularımızdan Kəramət Hüseynova, Rüstəm Orucova, eyni zamanda karateçimiz Rafael Ağayeva inam böyükdür.
Ümumilikdə, Azərbaycan komandası 10-a yaxın medal qazana bilər. Düzdür, əvvəl keçirilən Olimpiyada da medallarımız daha çox idi. Amma indi şərait dəyişib, mövcud vəziyyət çətindir. İdmançılarımızın çıxış öncəsi məşqləri də çətindir.
Həm də deyə bilərəm ki, yaxın 3 və ya 4 gün ərzində Azərbaycan komandası Olimpiyada medalı qazanacaq. Amma bu oyunlarda həmçinin şans da vacibdir”, - deyə tanınmış idman şərhçisi proqnozlarını dilə gətirib.