PFL bütün bombardirlərə mükafat paylayacaq? - AÇIQLAMA

17-05-2022, 11:06           
PFL bütün bombardirlərə mükafat paylayacaq? - AÇIQLAMA
Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün həyəcanı son turda da davam edəcək.

Çempionatın bürünc mükafatçısının adına məhz 27-ci turda aydınlıq gələcək.

Üstəlik, Premyer Liqanın bombardiri də mayın 21-də bəlli olacaq. Ancaq qalib bir yox, bir neçə futbolçu ola bilər.

Məsələ burasındadır ki, son tur ərəfəsində 5 oyunçunun - Filip Ozobiç, İbrahima Vadji, Kadi Borqes (hamısı "Qarabağ"), Coy-Lens Mikels ("Sabah") və Davit Volkovun ("Zirə") - aktivində 11 qol var. Üstəlik, onlardan bir qol az vuran "Neftçi"nin hücumçusu Tiaqo Bezerra da çempionatın ən məhsuldar futbolçusu adına real namizədlərdəndir. Başqa sözlə, bombardir adına 5-6 namizəd var.

Pandemiyaya görə yarımçıq qalan 2019/2020 mövsümünü nəzərə almasaq, bu, qeyri-adi haldır. Qeyd edək ki, iki il əvvəlki çempionatda Baqali Dabo, Stiven Monroz (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ") və Peyman Babayi ("Sumqayıt") 20 turluq marafonda 7 dəfə fərqlənməyə imkan tapmışdılar. Azərbaycan çempionatları tarixində isə şərikli bombardirlər iki dəfə olub. 1995/1996 mövsümündə Fazil Pərvərovla Rövşən Əhmədov mövsümü 23 qolla başa vurubsa, 2016/2017-də Rauf Əliyev və Filip Ozobiç 11 dəfə fərqləniblər.

Maraqlıdır, bir neçə futbolçu (indiki vəziyyətdə 5) çempionatı eyni sayda qolla başa vurarsa, PFL bombardir üçün nəzərdə tutulan mükafatı kimə təqdim edəcək?

Qurumun mətbuat katibi Aslan Şahgəldiyev Fanat.Az-a açıqlamasında suala belə aydınlıq gətirdi:

"Əvvəl də bənzər hallar olub. Düzdür, ilk dəfədir 5 futbolçunun bombardir olmaq ehtimalı var. Neçə nəfər olur olsun, hamısına mükafat veriləcək. Əvvəl qayda belə idi ki, iki və daha çox futbolçunun qol sayı eyni olanda mükafat digər qaydalara əsasən qalibə təqdim olunurdu.

Əsasnamədə nəzərdə tutulmuşdu ki, oyun sayı az olan və ya penaltidən daha az fərqlənən qalib elan olunurdu. Ancaq son illər həmin bəndləri nəzərə almırıq. Yəni eyni sayda qol vuran bütün futbolçulara mükafat verilir. Təbii ki, bu duruma da hazırıq. Marketinq şöbəmiz mükafat sifariş verəndə bütün halları nəzərə alır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.