Onlara ayrılan pullar hara gedir?

4-08-2016, 14:01           
Onlara ayrılan pullar hara gedir?
Bir neçə gün öncə məlumat yayıldı ki, kişilərdən ibarət voleybol üzrə milli komandamız diqqətdən kənar qalıb. Belə ki, kişi voleybolçular Avropa Oyunlarından sonra tamamilə çöküb. Hətta voleybolçular bununla bağlı prezident İlham Əliyevə də məktub ünvanlayıblar. Hətta məktubun surəti gənclər və idman naziri Azad Rəhimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevə də göndərilib.
Hurriyyet.org-un əldə etdiyi xəbərə görə, kişi idmançıların artıq federasiyada yerinin də olmadığı özlərinə deyilib. Onlara ayrılan maliyyə yuxardakılar tərəfindən özəl işləri üçün xərclənir, kişi voleybolçulara isə qara qəpik də çatmır.
Federasiyaya yaxın mənbədən saytımıza daxil olan məlumata görə, kişilərdən ibarət milli komandamız əməkhaqqından belə məhrumdurlar. Bəzi voleybolçu kişilər ailəsinə pul qazanmaq üçün ən ağır işlərdə çalışmağı da gözə alıb. Məlumatda bildirlir ki, fəhlə kimi çalışan idmançılarımız da var.
Daha bir məlumatda deyilir ki, voleybolçu kişilər pul məsələsinə görə federasiyanın rəhbərliyində çalışan bəzi şəxslərlə böyük problem yaşayıblar, son anda əlbəyaxa olmadan insidentin qarşısı alınıb.
İndi voleybolçular federasiyadan, idmandan uzaqda başqa işlərlə məşğuldurlar. Oyunçular nə normal əməkhaqqı alır, nə də komanda üzvləri vitaminlərlə təmin olunurlar.
Qeyd edək ki, yığmamız mayda Avropa çempionatının I təsnifat mərhələsi zamanı da problemlə üzləşmişdi. Lakin Gənclər və İdman Nazirliyi, həmçinin Voleybol Federasiyasının işə qarışmasından sonra yarışa getməkdən imtina edən komanda son anda fikrindən daşınmışdı.
Xatırladaq ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Azərbaycandan qalmaqalla ayrıldığı deyilən türkiyəli voleybol mütəxəssis Bülənt Karslıoğlu idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.