Paris 2024 Olimpiadasının ən kədərli hekayəsi
10-08-2024, 08:50

Şəkildə gördüyünüz xanım hindistanlı güləşçı Vineş Poqatdır. Paris 2024 Olimpiadasının ən kədərli hekayəsi onun başına gəldi.
Yapon güləşçi Yui Susakini hamımız yaxşı tanıyırıq. Beynəlxalq yarışlarda dəfələrlə Mariya Stadnikin yolunu kəsib. Tokio-2020-də də Mariyanı məğlub eləmişdi. Ümumiyyətlə, Susaki indiyədək 95 dəfə yapon olmayan rəqiblərlə güləşib və hamısını məğlub edib. Tokioda qalib olan Yui Parisə də qızıl medal üçün gəlmişdi. 50 kq çəkidə ən əsas favorit o idi. İlk turda onun rəqibi qısa saçlı, hindistanlı Vineş Poqat idi. Susaki reytinqdə 1-ci, Poqat isə 65-ci idi. Vineş favorit deyildi, amma 65-ci olacaq qədər də zəif deyildi, çünki indiyədək 53 kq çəki dərəcəsində güləşmişdi. 50 kq çəkidə Hindistanı Antim Panqal təmsil edəcəkdi, amma sənədlərdə problem yaşandığı üçün bu çəkidə ölkəsini Vineş Poqat təmsil etməli oldu.
Vineş üçün çətin dövr başladı. O həm çəkisini salmalı, həm formasını bərpa etməli, həm də güləşmədiyik çəkidə tanımadığı rəqiblərə qarşı mübarizə aparmalı və Olimpiadaya lisenziya qazanmalı idi.
O saçlarını kəsdirdi, çox ağır dietalar saxlayaraq 55 kq olan çəkisini saldı. Yeni çəkisi 50 kq olan limitə yaxın idi.
Vineş 21 aprel 2024-də Bişkekdə keçirilən lisenziya turnirinə qatıldı və 50 kq çəkidə qarşılaşdığı bütün rəqiblərinə qalib gələrək Olimpiada lisenziyasını qazandı.
Parisdə isə yeni çəkisində reytinqsiz olduğu üçün ilk turdaca çəkinin favoriti Susaki ilə düşdü. Heç kəsin gözləmədiyi halda, Vineş Susakini məğlub etdi.
Vineş ilk gün ərzində qarşılaşdığı bütın rəqiblərini məğlub etdi. Amma məsul şəxslər onun bir qədər kökəldiyinin fərqinə varmışdılar. Sabahı gün o finala çıxacaqdı. Onun sadəcə 1 günü var idi. Və çəkisini 50 kilonun altına salmalı idi. Vineş yeməyi, suyu tam kəsdi. Saçlarını bir az da qısaltdı, qan verdi. Gecəni yatmadı. Amma rəsmi yoxlanış zamanı çəkisi 100 qram artıq çıxdı. Qaydalara görə, finala buraxılmadı, medalsız qaldı və reytinq siyahısında ən sona yerləşdirildi. Vineşin ilk turda udduğu yapon Yui Susaki bürünc medala yiyələndi.
Vineş isə karyerasını bu sözlərlə bitirdi: "Güləş uddu, mən uduzdum. Xəyallarım məhv oldu. Artıq gücüm tükəndi. Hamınıza hər zaman borclu qalacam. Üzgünəm..."
Vüsal Əliyev
TEREF