DÇ-2018: Seçmə qrup mərhələsində X turun daha 9 görüşü keçiriləcək
9-10-2017, 08:47
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində X turun daha 9 görüşü keçiriləcək.
"Report"un məlumatına görə, son turun ikinci oyun günündə D, G və İ qruplarında üst-üstə 9 matç nəzərdə tutulub.
G qrupunda İspaniyanın qrup qalibi kimi final mərhələsinə, İtaliyanın isə ikinci pilləni tutaraq, "pley-off"a vəsiqə qazandığı dəqiqləşdiyindən, hər 3 matç formal xarakter daşıyacaq. Sadəcə, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi 3-cü pillədəki yerini qorumaq üçün İsrailin İspaniya üzərində qələbə qazanmayacağına ümid etməlidir. Bu halda İtaliya ilə ev oyununun nəticəsi Makedoniya - Lixtenşteyn qarşılaşması kimi heç bir əhəmiyyət kəsb etməyəcək. Moldova - Avstriya matçındakı hesab isə heç nəyi həll etməyəcək.
Əsas mübarizə digər 2 qrupda gedəcək. D qrupunun lideri Serbiya birbaşa vəsiqəyə sahib çıxmaq üçün evdə Gürcüstanı yenməlidir. Bu görüşdə xal itkisi qeydə alınsa, Uels İrlandiyadan xal alaraq, qrup qalibi ola bilər. İrlandiyanın qrup qalibi olması üçün isə Uelsi yenməklə bərabər Serbiyanın məğlubiyyətinə ümid etmək lazımdır.
İ qrupunda ilk 3 pillənin sahibləri arasında liderlik savaşı gedəcək. Ötən tur İslandiya millisi səfərdə Türkiyə üzərində vacib qələbə qazandıqdan sonra evdə Kosovo ilə üz-üzə gələcək. Bu görüşdə meydan sahibləri uduzsalar, qrupda birinci pilləyə Ukrayna - Xorvatiya matçının qalibi sahib çıxacaq. İslandiyanın xal itkisi Xorvatiyanı səfər qələbəsi sayəsində birinci yerə çıxara bilər. Finlandiya - Türkiyə matçının nəticəsi isə bu iki komandanın mövqeyinə təsir etməyəcək.
Dünya çempionatı
Seçmə mərhələ, X tur
D qrupu
Serbiya - Gürcüstan
Uels - İrlandiya
Moldova - Avstriya
Xal durumu: Serbiya - 18, Uels - 17, İrlandiya - 16, Avstriya - 12, Gürcüstan - 5, Moldova - 2.
G qrupu
İsrail - İspaniya
Albaniya - İtaliya
Makedoniya - Lixtenşteyn
Xal durumu: İspaniya - 25, İtaliya - 20, Albaniya - 13, İsrail - 12, Makedoniya - 8, Lixtenşteyn - 0.
İ qrupu
Ukrayna - Xorvatiya
İslandiya - Kosovo
Finlandiya - Türkiyə
Xal durumu: İslandiya - 19, Xorvatiya - 17, Ukrayna - 17, Türkiyə - 14, Finlandiya - 8, Kosovo - 1.
Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.