Azərbaycan Messinin komandası ilə oyundan imtina etdi- RƏSMİ
24-10-2017, 08:52
Argentina milli komandasının agentləri Azərbaycan millisi ilə yoxlama matçı keçirmək üçün AFFA-ya təklif irəli sürüblər.
teref.az qol.az-a istinadla xəbər verir ki, bu haqda AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Argentina noyabrın 11-də Rusiyada bu ölkənin millisiylə keçirəcəyi oyun ərəfəsində bu matçın təşkilini istəyib. Amma AFFA bu görüşdən imtina edib.
AFFA rəsmisi vaxt məhdudiyyəti və millinin əsasını təşki edən "Qarabağ”ın Çempionlar Liqasındakı oyunu səbəbindən belə qərar verdiklərini söyləyib: "Qısa vaxt ərzində Argentina kimi milliyə qarşı komanda hazırlamaq çox çətin məsələdir. İkincisi, həmin ərəfədə "Qarabağ”ın həm Premyer Liqada, həm də Çempionlar Liqasında oyunu olduğundan Argentina ilə yoxlama matçının keçirilməsi məsləhət görülmədi”.
Bəzi məlumatlara görə, Argentina tərəfi Azərbaycana səfərin xərclərini AFFA-nın ödəməsini istəyib. Bu məsələ ilə əlaqədar M.Nərimanoğlu deyib: "Bu səbəb deyil. Əsas səbəb bu təklifin bizə qısa vaxt ərzində gəlməsidir. Təklifdə maliyyə ilə bağlı heç nə yox idi”.
Qeyd edək ki, bir müddət əvvəl AFFA noyabr ayında Azərbaycan millisinin yoxlama oyunu keçirmək istədiyini və rəqib axtarışında olduğunu açıqlamışdı.
Əlavə edək ki, Argentina agentlərinin AFFA-ya yoxlama oyunu təklifi etməsi ilə bağlı ilk xəbəri azerisport.com saytı yayıb.