UEFA "Qarabağ" və "Qəbələ"nin ümumi qazancını açıqlayıb
24-10-2017, 12:39
UEFA 2016/2017 mövsümündə Avropa Liqasının pley-off və qrup mərhələsində iştirak edən 56 kluba ümumilikdə 423,1 milyon avro vəsait ödəyib. “Report” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yer alan hesabatda bildirilir.
UEFA-nın təşkil etdiyi Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak edən kollektivlər xalis gəlirlərin bir hissəsini alırlar. Vəsaitin bölüşdürülməsi sisteminə əsasən, ümumi məbləğin 60 faizi Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları arasında bərabər paylanır. Qalan 40 faiz isə hər bir milli bazarın xüsusi çəkisi də daxil olmaqla, bir sıra amillərdən asılı olaraq bölüşdürülür.
Qrup mərhələsinin hər bir iştirakçısına 2,6 milyon avro ödənilib. Komandalar hər qələbəyə görə 360 min, bərabərlik üçün isə 120 min avro qazanıblar. Heç-heçə ilə başa çatmış oyunların nəticələrindən qalan əlavə 120 min avro məbləğlər üst-üstə toplanıb və hər komandanın qələbə sayına proporsional olaraq qrup mərhələsinin bütün iştirakçıları arasında paylanılıb.
Qrup qaliblərinin mükafatı 600 min avro olub. İkinci yeri tutan kollektivlərə isə 300 min avro ödənilib. 1/16 finalda iştiraka görə 500 min avro, 1/8 final üçün isə 750 min avro verilib. 1/4 finala yüksələn klublara 1 milyon avro, yarımfinalçılara isə 1,6 milyon avro çatıb. Turnirin qalibi İngiltərə təmsilçisi “Mançester Yunayted” bu uğuruna görə 6,5 milyon avro qazanıb. Finalçı Hollandiya “Ayaks”ının büdcəsinə isə 3,5 milyon avro köçürülüb.
Marketinqdən əldə olunan vəsait milli televiziya bazarının xüsusi çəkisi də daxil olmaqla, bir sıra amillərdən asılı olaraq paylanılıb. Qalan 23,5 milyon avro isə turnirin yekununda qrup mərhələsinin bütün iştirakçıları arasında onların göstəricilərinə əsasən bölünüb.
2016/2017 mövsümündə Azərbaycanı Avropa Liqasının qrup mərhələsində “Qarabağ” və “Qəbələ” klubları təmsil edib. Ağdam təmsilçisinin qazancı 3,824,399 avro olub. Bunun 2,6 milyon avrosu qrup mərhələsində iştiraka, 922,000 avrosu əldə olunan nəticələrə, 302,399 avrosu klubun bazardakı çəkisinə görə olub. Qrup mərhələsindəki bütün oyunlarda məğlub olan “Qəbələ” 2,900,291 avro gəlir əldə edib. “Qırmızı-qaralar” qrup mərhələsində iştirak üçün ödənilən 2,6 milyon avrodan əlavə, bazardakı çəkisinə görə 300,291 alıb.
Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Avroliqanın qrup mərhələsini 2 qələbə, 1 heç-heçə ilə tamamlayıb. "Qəbələ" isə keçirdiyi bütün 6 oyundan məğlub ayrılıb.