“Atletiko”nun futbolçusu: "Qarabağ"a qalib gəlmək üçün var qüvvəmizi ortaya qoyacağıq"

31-10-2017, 09:09           
“Atletiko”nun futbolçusu: "Qarabağ"a qalib gəlmək üçün var qüvvəmizi ortaya qoyacağıq"
Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”ı qəbul edəcək “Atletiko”nun futbolçusu Qabi oyunöncəsi mətbuat konfransında iştirak edib.
İspan futbolçu öncə matçla bağlı fikirlərini bildirib:
Sabah Bakıdakından fərqli “Atletiko” görəcəyik?
- Başqa nəticə gözləyirik. İlk oyunda “Qarabağ” bütün gücünü ortaya qoydu. Yaxşı oyun sərgilədi. Sabah isə tam fərqli olacağını düşünürəm.
“Qarabağ”ın demək olar, bütün mövqelərdə itkiləri var. Bu, sizin üçün nəyisə dəyişir?
- Əlbəttə, yox. “Qarabağ”ın hansı heyətlə çıxacağını bilmirik. Ancaq bu, bizim üçün heç nəyi dəyişməyəcək. Eyni əzmkarlıqla bu oyuna çıxacağıq.
İki dəfə ÇL finalı oynasanız da, sabah qalib gəlməyəcəyiniz təqdirdə, növbəti mərhələyə adlamaya bilərsiz. Sabahkı qarşılaşmanı sizin üçün ən vacib oyun adlandırmaq olar?
- Əlbəttə, ən vacib oyun deyil. Bundan da vacib oyunlar keçirmişik. Ancaq sabah qalib gəlmək üçün var qüvvəmizi ortaya qoyacağıq.
Son oyunlarda qalib gəlmədiyinizə görə geniş tənqidlərə məruz qalırsız. Bu barədə nə deyə bilərsiz?
- Tənqidləri qəbul edirik. Bütün gücümüzü bu vəziyyəti dəyişmək üçün istifadə edəcəyik.
Bu gün burda yox, köhnə stadionda məşq etdiniz. Bunun sizin üçün bir fərqi oldumu? Sabahkı oyundan nə gözləyirsiz?
- “Visente Kalderon”a qayıtmaq xüsusi bir hissdi. Ancaq “Vanda Metropolitano” stadionunda da yaxşı nəticələr qazanmalıyıq. Vaxtilə “Visente Kalderon”da da pis nəticələrimiz olmuşdu. Çalışıb, burda da yaxşı nəticələr qazanmağa başlamalıyıq.
“Elçe” ilə oyundan sonra komanda ilə bağlı neqativ fikirlər səsləndirildi…
- Hərənin öz fikri var. Son oyunların ardından tənqidlər normaldı. Biz isə çalışırıq ki, bu vəziyyəti düzəldək.
Keçən illə müqayisədə nəticələr bir xeyli zəifdi. Bunu oyunçu çatışmazlığı ilə bağlamaq olar?
- Xal fərqi o qədər də çox deyil. “Çelsi” ilə matçın son dəqiqələrində qol buraxdıq. “Roma” ilə matçda isə üstün tərəf idik. Yalnız “Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.