İdman şərhçiləri “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını dəyərləndirdi
8-12-2017, 00:11
“Qarabağ” həm klub, həm də Azərbaycan idmanı tarixində ilk dəfə dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi. Qitənin ən nəhəng komandaları ilə qarşılaşmaq və başa-baş mübarizə aparmaq klubun nüfuzunu birə-beş artırdı və dünyadakı bütün azərbaycanlıların rəğbətini qazandı. Komandanın qarşılaşdığı rəqiblərin tərkibində elə oyunçular var idi ki, onlardan təkcə birinin dəyəri “Qarabağ”ın ümumi klub büdcəsindən daha çox idi. Lakin 17,5 milyonluq “Qarabağ” mübarizə əzmi ilə sona qədər getdi və 4 aylıq gərgin əməkdən sonra 16 milyonluq bir mükafatla geri qayıtdı.
Ölkənin ən tanınmış şərhçiləri isə Publika.az-a “Qarabağ”ın Çempionlar Liqasındakı mübarizəsinin tarixçəsindən danışdı.
“CBC Sport” telekanalının idman şərhçisi Emin Abbasov:
“Əvvəldən proqnozlaşdırmaq çətin idi ki, “Qarabağ” turnirdə necə çıxış edəcək. Çünki komanda bu yarışda debütant idi. Həm də həddən artıq güclü rəqiblərlə bir qrupa düşmüşdü. Ancaq çox şükürlər olsun ki, iki xal qazana bildilər, qol vura bildilər. Baş məşqçi Qurban Qurbanovun da dediyi kimi qazanılan hər xal, vurulan hər qol komanda üçün böyük bir təcrübə oldu. Belə mötəbər bir yarışda “Qarabağ”ın rəqibləri tərəfindən ciddi qəbul edilməsi, öz mübarizəsi və əzmi ilə simpatiya qazanması çox xoş təəssüratlar bağışladı. Mənə elə gəlir ki, Çempionlar Liqasından ən pozitiv duyğularla ayrılırıq.
Təbii ki, daha yaxşı nəticələr əldə etmək istərdik. Ancaq reallıq budur ki, hələ buna gücümüz çatmır. Qarşıdakı illərdə bir daha Çempionlar Liqasına düşsək, bu il qazandığımız təcrübələr bizə çox yardımçı olacaq.
“Qarabağ”ın bu il transfer etdiyi legionerlər də ÇL-də komandaya böyük dəstək verdilər. Məsələn, Pedro Enrike kubok oyunlarında meydançada o qədər gözə dəyməsə də, Çempionlar Liqasında komandaya çox xeyir verdi. Yeni transferlər arasında yüzdə-yüz ən yaxşı uğurlu transfer məhz Pedrodur. Yakub Jezniçak da əlindən gələni etdi. Təkcə Donald Gerye bir qədər komandaya uyğunlaşmaqda çətinlik çəkdi. Tarık Elyunussi isə çox az oynadı. Çıxdığı oyunlarda da nadir hallarda gözə dəyirdi. Çünki xroniki zədəsi var idi. Onsuz da, bu futbolçuların gətirilməsində əsas məqsəd yerli çempionat deyil, Çempionlar Liqası idi.
Səhv etmirəmsə, “Qarabağ” yenidən çempionlar yolu ilə Çempionlar Liqasına düşə biləcək. Sadəcə çempionluqla liqaya qatılan komandaların kvotası azalıb deyə bir qədər çətinlik yaranıb. Çünki əvvəl 4-5 komanda bu yolla qatıla bilirdisə, indi 2-3 komanda qatılacaq. Ancaq yenə də böyük ehtimalla “Qarabağ”ın burada nəhəng klublarla qarşılaşması olmayacaq. “Qarabağ”ın Çempionlar Liqasına düşməsi mümkünsüz deyil, sadəcə olaraq bir qədər daha çətin olacaq. Nəzərə alsaq ki, təmsilçimiz artıq “Çelsi”, “Roma”, “Atletiko” kimi böyük komandalarla oynayıb, mənə elə gəlir ki, bu çətinliyin də öhdəsindən gələcək”.
“ATV İdman” proqramının aparıcısı, idman jurnalisti Sənan Şəfizadə:
“Çempionlar Liqasında çıxış etmək sözün əsl mənasında Azərbaycan və onun idmanı üçün böyük təbliğat vasitəsi oldu. “Çelsi”, “Roma” və “Atletiko” kimi komandaların Bakıya gəlməsi, İngiltərə, İspaniya, İtaliya başda olmaqla, bütün dünya mediasının Azərbaycan, Qarabağ haqqında materiallar hazırlaması bu mövsümü unudulmaz etdi. “Qarabağ” çox ciddi bir qrupa düşmüşdü. Hətta əksəriyyət C qrupunu “ölüm qrupu” adlandırırdı. Bəzi mütəxəssislərə sual verəndə ki, “Qarabağ” neçə xal toplayacaq. Onlar böyük istehza ilə “hələ soruş gör, “Qarabağ” qol vura biləcəkmi” deyirdilər. Ancaq “Qarabağ” çoxlarını məyus edərək yeni bir tarix yazdı. Həm də elə bir tarix yazdı ki, biz onu tez zamanda unuda bilməyəcəyik.
“Qarabağ”ın yeni transferləri də ümidləri doğrultmağı bacardı. Xüsusilə, Pedro Enrikenin adını qeyd etmək istəyirəm. Hətta biz “Atletiko”ya qarşı oyunda İspaniyada olarkən ispan jurnalistlər onunla yaxından maraqlanırdılar. Pedronun oyun üslubu, mübarizə aparması, meydanı görmə qabiliyyəti, topa reaksiyası çox yaxşıdır. Bu sözləri Donald Gerye üçün də demək olar. O, taktiki baxımdan vəzifəsinin öhdəsindən maksimal dərəcədə gəlməyə çalışır və buna nail olur. Mən Pedro Enrikenin “Qarabağ”da qalmasını çox istərdim. Ancaq təbii ki, bu, Qurban Qurbanovun verəcəyi qərardan asılıdır.
Çempionlar Liqasında bəzi oyunçular zədəli olduqları halda mübarizəyə qoşuldular. Bəziləri cəzalandılar və komandaya yardımçı ola bilmədilər. Ancaq ümumilikdə komandanın mübarizəsi təqdirəlayiq idi”.
Tanınmış futbol şərhçisi Elnur Əşrəfoğlu:
“Hamıya bəlli idi ki, Çempionlar Liqası “Qarabağ” üçün çətin olacaq. Tarixində ilk dəfə dünyanın ən nüfuzlu turnirində iştirak etmək və Avropanın ən nəhəng komandaları ilə eyni platformada oynamaq artıq özü böyük bir uğurdur. İlk oyunlarda futbolçularda həyəcan olsa da, sonrakı görüşlər göstərdi ki, bu növ oyunlar üçün futbolçuların praktikası yoxdur. Ancaq son “Roma” oyunu futbolçuların turnirə alışdığını ortaya qoydu. Belə yarışlarda nə qədər çox iştirak olarsa, bir o qədər də uğurlu nəticə əldə edilər. “Qarabağ” bizə bir zamanlar yuxu kimi görünən Çempionlar Liqasının həyəcan və sevincini yaşatdı. “Neftçi” də Avropa Liqasına qatılanda eyni həyəcanları keçirmişdik.
Həm komandaların sayının azaldılması, həm də getdikcə keyfiyyət səviyyəsinin yüksəlməsinə görə gələn il liqaya qatılmaq daha çətin olacaq. Ancaq “Qarabağ” artıq bu mərhələnin praktikasına malikdir.
Bundan sonra yerli futbolçular öz üzərilərində daha çox işləməlidirlər. Baxın, bu gün Mahir Mədətov üçün necə gözəl bir arenada oynamaq şansı yaranıb. Yəni Çempionlar Liqasından böyük fürsət ola bilərmi? Ona görə də bu fürsətdən yararlanmaq lazımdır ki, sabah da xarici skautların diqqətini cəlb edə bilsin. Çox təəssüf ki, bu gün Azərbaycan futbolçuları öz işlərinə peşəkarcasına yanaşmırlar. İstər “Qarabağ”ın, istərsə də “Qəbələ” və “Neftçi”nin böyük nailiyyətlər əldə etməsinin əsl səbəbi nəhz legioner futbolçulardır. Bu balanssızlığı aradan qaldırmaq üçün də yerli futbolçuların özlərinə qarşı məsuliyyətli davranması lazımdır. Keyfiyyətli xarici futbolçuların olması, əlbəttə, rəqabət baxımından yaxşı bir şeydir. Ancaq çalışmaq lazımdır ki, komandada əsas yeri məhz yerli futbolçular qazansın və onlardan vaz keçmək mümkün olmasın”.