“İstəmirik ki, Ədliyyə Nazirliyi MSK-nın müraciəti ilə partiyaların fəaliyyətini dayandırsın” - Məzahir Pənahovdan xəbərdarlıq
7-04-2015, 21:25
Bu gün Mərkəzi Seçki Komissiyasında illik maliyyə hesabatını təqdim etməyən partiyalar barədə müzakirə aparılıb. APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, bu partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verilməlidir.
Qurumun katibi Mikayıl Rəhimov tanınmış partiyaların tanınmayan, bir özləri, bir möhürləri olan, vergi verməyən partiyaların hesabat təqdim etmədiyini söyləyib. O, Ədliyyə Nazirliyinə müraciət edilməsini, nazirlik tərəfindən həmin partiyaların fəaliyyətinin araşdırılmasını zəruri sayıb. MSK sədri Məzahir Pənahov qeyd edib ki, bu partiyaların fəaliyyəti indiyə qədər Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb: “İstəmirik ki, Ədliyyə Nazirliyi MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın”.
M. Pənahov deyib ki, maliyyə əməliyyatlarının olub-olmamasından asılı olmayaraq, partiyalar illik maliyyə hesabatlarını təqdim etməlidir. Mətbuatın partiyaları maarifləndiriləsi sahəsində önəmli rol oynadığını və bundan sonra da bu sahədə məlumatlandırmadan mətbuatdan dəstək gözlədiklərini deyən MSK sədri məsələ ilə bağlı son qərar verməməyi, müzakirəni davam etdirməyi məqbul sayıb.