Qoca vaxtı evinə oyuncaqlar alan, elçiliyini özü edən Vaqif Səmədoğlunun sevgi hekayəsi.
Bu gün, 11:04

Həyat yoldaşı Nüşabə Vəkilova:
AMEA-da Vaqifin əmisi oğlu Cavanşirlə birlikdə işləyirdim. Vaqiflə onun vasitəsilə tanış olduq. Cavanşir tanış olmağımıza çox təkid etdi. Telefon nömrəmi Vaqifə verdi və biz danışdıq”. Onlar bir qədər sonra onlar il yarımlıq ayrılırlar. Vaqif Səmədoğlu onu görüşə çalışsa da xanım imtina edir. Şair Türkiyədə olanda Emin Sabitoğlunun həyat yoldaşı Xədicə xanım onların ayrıldığını eşidir və Nüşabə xanımın bacısına zəng edib, bunun səbəbini soruşur.
Nüşabə Vəkilova:
“Vaqif Yeni il axşamı zəng etdi. Sonra görüşdük. Anladıq ki, daha ayrıla bilmərik. 1995-ci ilin martında Vaqif bizə gəldi. Anama dedi ki, sizin qızınızı çox istəyirəm. Sonra yaxınları üzük gətirdilər.
Ailədə aramızda söz-söhbət olanda barışıq üçün ilk addımı həmişə mən atırdım. Bilirdim ki, onun həyatında tənhalıq illəri, günləri çox olub. Çalışırdım ki, Vaqif özünü tək hiss etməsin. Hansısa mövzu üzərində polemikamız olanda həmişə Vaqifin proqnozları düz çıxırdı, heyrətlənirdim.
Küçədə ona çox qadın baxırdı. Qadınların marağına səbəb olurdu. Qısqanırdım. Vaqif belə olanda mənə dedi: “Unutma, sən mənim həyatımda yeganə qadınsan ki, şeir yazmışam”.
Feysbuka yeni gələndə çox həvəsli idi, saatlarla sosial şəbəkədə olurdu. Mənə dedi get dincəl. Dedim yaxşı, amma gedib qapının yanında dayanıb ona baxdım. Vaqif soruşdu ki, məni qısqanırsan? Cavab verdim ki, bəli, sevin ki, qısqanıram. Qısqanclıq olmasa sevgi də olmaz.
Mənə demişdi ki, uşaqlar üçün oyuncaq dəmiryolu al. Aldım, sonra oyuncaq maşınlar, oyuncaq klounlar alırdı. Eləcə də uşaqlar üçün stolüstü futbol, xokkey alırdı. Oturub futbol oynayırdıq, uduzurdu, ona görə əsəbiləşirdi. Əsas odur ki, bilirdim kiminlə yaşayıram, arxamda kim var və bunu ona da hiss etdirirdim. Biz ömrümüzü bir-birimizə bağışlamışdıq. Bilirdi ki, gülləri çox sevirəm, bütün bayramlarda mənə gül alardı. Hətta xəstəlik üstün gələndə, çətinliklə gəzəndə də mənə gül alıb bağışladı. Bir dəfə oturmuşduq. Onda hələ Vaqifin xəstəliyindən məlumatsız idik. Kağıza yazdı ki, “fələyə qurban olum, bizi neyçün ayırdı?”. Soruşdum ki, bu nə deməkdir? Niyə belə yazdın? Özüm də fikrə getdim.
Xəstəliyini ondan gizlədirdim, amma gecə kağızları oxuyubmuş. Səhər mənə dedi ki, bunu məndən niyə gizlədirsən? Mən bunları atamda, qardaşımda görmüşəm axı”.
Anar Tağıyev
TEREF