Mərkəzi Univermaqda sahibkarlar fəaliyyətini dayandırdı

Bu gün, 12:18           
Mərkəzi Univermaqda sahibkarlar fəaliyyətini dayandırdı
Dünya bazarında qızılın qiymətinin bahalaşması yerli bazarda qiymətli metalın dəyərini artırmaqla bərabər tələbatı kəskin azaldıb. Qızıl satışı mərkəzləri ciddi böhranla qarşılaşıblar.

TEREF Teleqraf-a istinadla xəbər verir ki, dövriyyənin aşağı düşməsi səbəbindən Mərkəzi Univermaqda (MUM) 21 qızıl köşkü fəaliyyətini dayandırıb. Sahibkarların qərarına səbəb aylardır məhsullarının vitrində qalmasıdır. Bir sıra hallarda isə zinət əşyaları maya dəyərindən ucuz satılması məcburiyyətidir:

"Həmişə get-gəlli olan, alıcı qaynayan univermaqda demək olar ki, satıcılardan başqa kimsə yoxdur. Milyonlarla malımız vitrinlərdə qalıb", - deyə məlumatlı mənbə bildirdi.

Verilən məlumata görə, hazırda lüks zərgərlik dünyasına məxsus "Victoria", "Butterfly", "Divas Dream", "Magic Alhambra" brendlərin sifarişi bazarında müəyyən qədər dövriyyə var.

Onu da bildirək ki, ölkədə 999,9 əyar qızılın bir qramı təxminən 205 manat, 750 əyar qızıl 153 manat, 585 əyar qızıl isə 120 manat civarında satılır.

Qeyd edək ki, dünya bazarında qızılın qiyməti 3868 dollara yaxınlaşıb. Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti, yüksək inflyasiya riskləri və qlobal qeyri-müəyyənliklər fonunda qızılın qiymətində əlavə artım ehtimalı böyükdür. Unsiya üçün psixoloji hədd 4000 ABŞ dolları hesab olunur. Gümüşün qiyməti 14 ildən sonra ən yüksək həddə çataraq 47 ABŞ dollarını keçib. Platin isə 1600 dollar civarında qərarlaşaraq son 12 ilin rekordunu yeniləyib. Proqnozlara görə, ilin sonuna qədər 1700 dollar diapazonunda sabitləşə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru