Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər genişlənir

Bu gün, 11:12           
Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər genişlənir
Azərbaycanın xarici siyasət strategiyasında yeni bazarlara çıxış və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, Avropanın aparıcı ölkələri ilə qurulan münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan İtaliya Respublikası üçün də cəlbedici ölkədir. Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Azərbaycan və İtaliya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Təsadüfi deyil ki, İtaliya bu illər ərzində Avropada Azərbaycanın ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib.
İtaliya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan İtaliya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə İtaliya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir.
Son illər ərzində İtaliya ilə münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Ötən il Prezident İlham Əliyev İtaliyada rəsmi səfərdə olub və keçirilən görüş zamanı Prezident Sercio Mattarellanı ölkəmizə səfərə dəvət edib.
Sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə böyük təkan olacadır. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Azərbaycan-İtaliya arasında əlaqələr, onların genişləndirilməsi və bir sıra digər məsələlərə müzakirə edilib.
Dövlətimizin başçısı görüş zamanı mətbuata bəyanatında vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Hazırda Azərbaycan və İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi vardır. Onlardan biri 2015-ci ildə imzalanıb. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il əvvəl imzalanıb. Keçən illər ərzində ölkələr arasında münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib və bu gün siyasi əlaqələr ən yüksək səviyyədədir.
İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəsı artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Burada xüsusilə Azərbaycan neftinin və qazının İtaliyaya ixracını qeyd etmək lazımdır. Bununla yanaşı Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə ixracın əhatə dairəsi artır və hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
İtaliya Prezidentinin ölkəmizsə səfəri çərçivəsində oktyabr ayının 1-də İtaliya-Azərbaycan Universitetinin açılışı keçirilib. bir sözlə, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açıb. Yeni açılan Universitetdə təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Bu da öz növbəsində iki dövlət arasında dostluğu daha da gücləndirəcəkdir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru