Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ

Bu gün, 00:11           
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.

“Report”un xəbərinə görə, Sənan Mehdiyev Nəsimi Prokurorluğunda davam edən cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənir.

Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.