Evə kamera qoyub həyətdə gəzən şəxsi polisə verdi

4-03-2019, 17:31           
Evə kamera qoyub həyətdə gəzən şəxsi polisə verdi
Ucar rayonunda bir il əvvəl evindən oğurluq olunan və ötən ay həyətinə naməlum şəxs girən Mahir Kərimov polisdən şikayətçi olub. “Qafqazinfo”ya müraciət edən M.Kərimov bildirib ki, yaşadığı evə 2018-ci il fevralın 7-də oğru girib. Həyat yoldaşının qızılları və 685 manat pul oğurlanıb, lakin hadisədən bir il keçsə də, polis cinayətin üstünü aça bilməyib.

M.Kərimov ailəsinin təhlükəsizliyi üçün evinə kamera yerləşdirib. Bir il sonra oxşar hadisə təkrarlanıb. Belə ki, fevralın 14-də rayon sakini Ənvər adlı şəxs M.Kərimovun həyətinə girərək gəzib və evə girmək istəyəndə səsi eşidərək geri qayıdıb. Onun bu hərəkətləri kameraya da düşüb.

M.Kərimov 102 xidmətinə məlumat verib, görüntüləri də Ucar rayon polisinə təqdim edib: “Rayon polisinin Cinayət Axtarış şöbəsinin rəisi, Babək adlı polis məmuru şəhər post patruluna xəbər verdi ki, Ənvəri şöbəyə gətirsinlər. Bir həftə sonra işin gedişini öyrənmək üçün şöbəyə getdim. Babək mənə dedi ki, Ənvərin hərəkətlərində heç bir cinayət əməli yoxdur, sonra da şikayətimi geri götürmək üçün mənə pul təklif etdilər. Qəbul etməyib şöbədən çıxıb evə gəldim, fevralın 27-də isə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar bizə göndərildi”.

M.Kərimov həmin qərarı redaksiyaya təqdim edib. Qərarda cinayət işinin başlanmasından rədd olunmasının səbəbi kimi göstərilib ki, Ənvər adlı şəxsi M.Kərimovun bacısı həyətə çağırıbmış.

Ənvər polisə ifadəsində bildirib ki, Rusiyada işləyir və rayona yalnız valideynlərinin vəfatının ildönümü vaxtı gəlir: “Bir neçə ay əvvəl rayona gəlmişəm, əvvəllər də münasibətdə olduğum qızla mütəmadi olaraq görüşürdük. Həmin gün isə toyda idim, qız mənə “WhatsApp”da yazıb evlərinə çağırdı və gəlməyimi təkid etdi. Mən də toydan çıxıb onların evinə doğru getdim. Ora çatanda telefonumun “zaryatka”sı qurtardı, söndü. Mən də qızın məni qarşılayıb-qarşılamayacağını bilmədim. Amma fikirləşdim ki, yəqin məni gözləyir. Buna görə də həyətə girdim, qarşıma başqa qadın çıxdı. Ona da “bağışlayın, səhv gəlmişəm” deyib geri qayıtdım”.

Rədd qərarında da qeyd olunub ki, Ənvər adlı şəxs həyətə oğurluq məqsədi ilə girməyib, heç bir əşya və ya pul götürməyib, həmçinin hər hansı dağıntıya yol verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.